Rəqəmsal hüquq üzrə akademik məqalə müsabiqəsi elan edilir
PRAKKOM.AZ, TechLaw.az və Digital Law Lab təşkilatlarının birgə təşəbbüsü ilə tələbələr üçün rəqəmsal hüquq mövzusunda akademik məqalə müsabiqəsi elan olunub.
Müsabiqə rəqəmsal hüquq sahəsinə maraq göstərən bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Təşkilatçılar bildirir ki, bu təşəbbüs gənc hüquqşünasların elmi fəaliyyətini təşviq etmək və onların bu sahədə bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.
Müsabiqə çərçivəsində qaliblər üçün pul mükafatları müəyyən edilib. Belə ki, birinci yerin qalibi 250 AZN, ikinci yerin qalibi 150 AZN, üçüncü yerin qalibi isə 100 AZN məbləğində mükafat əldə edəcək.
Bununla yanaşı, qalib seçilən məqalələr TechLaw və Digital Law Lab platformalarında dərc olunacaq. Eyni zamanda, seçilmiş iştirakçılardan biri PRAKKOM-da ödənişli təcrübə proqramında iştirak etmək imkanı qazanacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər TechLaw.az platformasında qeydiyyatdan keçməli, 4 000–6 000 söz həcmində, Azərbaycan və ya ingilis dilində, OSCOLA istinad stilinə uyğun hazırlanmış məqaləni təqdim etməlidirlər. Məqalələr .docx və ya .pdf formatında info@deju.red elektron poçt ünvanına, mövzu hissəsində “Konkurs” qeyd edilməklə göndərilməlidir.
Müraciət üçün son tarix 1 sentyabr 2026-cı il müəyyən edilib. Müsabiqənin nəticələrinin isə 10 sentyabr tarixində elan olunacağı gözlənilir.
Ətraflı məlumat və iştirak şərtləri ilə bağlı əlavə məlumatı təşkilatçıların rəsmi platformaları vasitəsilə əldə etmək mümkündür.