Haqqımızda

PRAKKOM (Praktik Kommentariya) – qanunların praktikada necə tətbiq olunduğunu göstərmək məqsədiylə, bütün hüquqşünaslara, həmçinin  sadə vətəndaşlara yardımçı olmağı nəzərdə tutan hüquqi platformadır. 

Bilindiyi kimi, qanunlar dövlətin ali qanunverici orqanı olan Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunur. Daha sonra onların tətbiq oluna bilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları və digər qurumlar tərəfindən müvafiq aktlar qəbul edir və bundan sonra da müəyyən praktika formalaşır. Həmin qanunla tənzimlənən münasibətlərlə bağlı mübahisələr yarandıqca isə məhkəmə praktikası formalaşır, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu müəyyən maddələrlə bağlı  qərarlar qəbul edir, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müəyyən maddələri şərh edir. Bir qanunun düzgün tətbiqi üçün bütün bu məlumatların toplandığı ümumi bir mənbə isə indiyə qədər mövcud deyildir.

PRAKKOM-un məqsədi qanunların maddələri ilə bağlı lazımi məlumatları, həm nəzəri, həm də praktiki bilikləri, məhkəmə təcrübəsini, bununla bağlı ortaya çıxan problemləri bir arada toplayaraq istifadəçilərə təqdim etmək, bununla da hüquqşünasların və sadə vətəndaşların qanunları daha yaxşı anlayıb istifadə etməsinə köməklik göstərmək, Azərbaycan hüquq sistemində nəzəriyyə və praktika arasında yaranan uyğunsuzluqları müəyyənləşdirərək onların ortadan qaldırılmasına töhfə verməkdən ibarətdir.

PRAKKOM-da yerləşən kommentariyaların əsas fərqi digər kommentariyalarda olduğu kimi qanunların maddələrinin açıqlanmasında yalnız nəzəri məsələləri deyil, bu qanunların praktikada konkret olaraq necə tətbiq olunduğunu göstərməsidir. Bu isə bütün təcrübəli hüquqşünasların bildiyi kimi çox daha qiymətli məlumatdır. Belə ki, qanunların real həyatda praktiki olaraq istifadəsi və ya tətbiqini bilmək üçün təkcə qanunun konkret maddəsini oxumaq kifayət etmir, bunun üçün digər əlaqəli maddələri, əlaqəli qanunları, qanunaltı aktları, praktikada formalaşmış təcrübəni, eyni zamanda məhkəmə təcrübəsini və digər müəyyən incə məqamları bilmək lazım gəlir.  Bunu bilmək əlaqəli məsələ barədə daha düzgün qərar verməyə kömək edir, bir çox hallarda vaxtın, enerjinin və pulun itirilməsinin qarşısını alır. 

Aydındır ki, hər hüquqşünas hüququn bütün sahələrini eyni dərəcədə dərinlikdə və incəliklə bilmir. Hətta hər bir hüquqşünasın adətən yalnız praktikada istifadə etdiyi və ya tətbiq etdiyi normalara dərindən bələd olduğunu söyləmək mümkündür. Bunu nəzərə alaraq PRAKKOM-da yerləşən qanunların praktik kommentariyalarının hazırlanmasına PRAKKOM-un istifadəçisi olmaq istəyən müxtəlif hüquqşların da cəlb edilməsinin məqsədəuyğun olacağı düşünülmüşdür. Bununla bağlı olaraq PRAKKOM-da “bildiyini qoy, bilmədiyini götür” prinsipinin tətbiq olunduğunu söyləmək mümkündür. Belə ki, platformada yer alan qanunların kommentariyalarının zənginləşdirilməsində istifadəçilərin iştirakına da şərait yaradılmışdır. Platformada yerləşdirilmiş qanunların maddələrindən hər hansı birinə kommentariya yazan istifadəçiyə yazdığı kommentariya qəbul olunduqdan sonra  bir həftəlik ödənişsiz abonentlik verilir. Beləliklə, o yazılmış digər kommentariyalarla da tanış olmaq şansını əldə edir.

PRAKKOM platforması Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, h.f.d. Babayev İlqar Süleyman oğlu tərəfindən yaradılmışdır. 

PRAKKOM platformasından necə faydalana biləcəyinizi daha aydın başa düşmək üçün aşağıdakı video çarxı izləyə bilərsiniz.

About company