Əmtəə Nişanları və Coğrafi Göstəricilər Haqqında Azərbaycan Respublikasının Qanununun kommentariyası

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır:
əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır);
coğrafi göstərici - əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir;
kollektiv nişan — ittifaqın, assosiasiyanın, hər hansı birliyin adına qeydə alınan nişan və ya nişanların kombinasiyasıdır;
transliterasiya — bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsidir.
 
 

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli qaydalar müəyyənləşdirildikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.
Ələt azad iqtisadi zonasında əmtəə nişanları və coğrafi göstəricilər sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
 
 

Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir.
 

Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər:
sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması.
 

Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir:
a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar;
b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar;
c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar;
ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları;
d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar;
e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar;
ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları;
f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları;
g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra— “Paris Konvensiyası” adlandırılacaqdır) 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları;
ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları.
Bu Qanun qüvvəyə minənədək yuxarıda göstərilən nişanlar qeydə alınmışdırsa, onların qeydiyyatı ləğv olunur.
İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b”, “c”, “d” bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz.
Bu maddənin 1-ci hissəsinin “g” bəndinə aid nişanları tərkibində saxlayan əmtəə nişanlarının istifadəsi qadağandır.
 
 

Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır:
a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları;
b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;
c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları;
ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); 
əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları;
d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər;
e) qeydə alınmış sertifikat nişanları.
Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır:
a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri;
b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri;
c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr.
Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır.
Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina üçün əsas ola bilməz:
a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixədək iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi;
b) əmtəənin və ya göstərilən xidmətin xarakterik cəhətləri;
c) mənşə ölkəsində mühafizə edilən nişandan yalnız elementlərlə fərqlənən, nişanın fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları.
ç) mənşə ölkəsində əmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata alınmaması və ya qeydiyyatı müddətinin uzadılmaması.
 
 
 

Geniş tanınmış əmtəə nişanları Paris Konvensiyasının 6bis maddəsinin tələblərinə uyğun gələn nişanlardır.
Əmtəə nişanının geniş tanınması müəyyən edilərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakıları nəzərə alır:
Əmtəə nişanı və ya işarə, eyni cinsli əmtəələrdə istifadə edilən və başqa şəxsin əmtəə nişanı ilə eyni və ya ona qarışdırılacaq dərəcədə oxşar olan nişanın ilkinlik tarixindən sonra məşhurlaşarsa, bu əmtəə nişanı və ya işarə geniş tanınmış hesab edilə bilməz.
nişanın aid edildiyi əmtəələrin və xidmətlərin yayılma kanalları və kommersiya sahələri;
Azərbaycan Respublikasında və dünya bazarında əmtəə nişanından istifadə edilməklə əmtəənin keyfiyyəti barədə istehlakçıların məlumatı;
əmtəə nişanına xas olan, yaxud istifadə nəticəsində əldə edilmiş fərqləndirici xüsusiyyətlər;
nişanın istifadə ərazisi, müddəti, miqyası, həcmi, xüsusən nişanın əmtəə və ya xidmətlərə tətbiq edilməsi nəticəsində yarmarka və sərgilər əldə olunan məlumatlar, elanlar, reklamlar daxil olmaqla nişana üstünlük verən ərazilər, hərəkətlər (kampaniyalar);
Azərbaycan Respublikasının və başqa dövlətlərin ərazisində nişanın istifadə edildiyi əmtəənin və xidmətin bazarda tutduğu yer.
Azərbaycan Respublikasında qeydə alınan geniş tanınmış əmtəə nişanının başqa şəxs tərəfindən bütün növ əmtəələrdə və xidmətlərdə istifadə edilməsi onun sahibinə ziyan vurduqda bu hal geniş tanınmış nişan sahibinin hüquqlarının pozulması hesab edilir.
 
 

Bu Qanunla müəyyənləşdirilən tələblərə uyğun olan işarələr coğrafi göstərici kimi qeydiyyata alına bilər və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində mühafizə edilə bilər.
Adı coğrafi göstəricisi olan ölkənin, şəhərin, bölgənin və ya ərazinin coğrafi adi ilə yanaşı coğrafi göstəricinin qrafik və ya təsviri ifadəsi də mühafizə edilə bilər.
Coğrafi ad saxta və yanıldıcı mənşəyi ifadə etmirsə, ondan əmtəənin və ya xidmətin xarakterik elementi kimi istifadə oluna bilər.
Coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur.
Coğrafi obyektin rəsmi adı, tarixi adı və ya onlardan törəmə adlar coğrafi göstərici kimi istifadə oluna bilər.
Əmtəənin mənşə yerinin adı, müəyyən coğrafi obyektdə istehsal olunan, coğrafi obyektin təbii xüsusiyyətlərini və ya digər amillərini, yaxud onlara xas olan ümumi xüsusiyyətləri özündə əks etdirən əmtəələrin işarələnməsi bir neçə şəxs tərəfindən birgə şəkildə qeydiyyata alına bilər. Bu şəxslərin hər biri əmtəənin mənşə yerinin adından istifadə hüququna malik olur. Qeydiyyata alınan əmtəənin mənşə yerinin adından istifadə hüququ, bu coğrafi obyektdə yerləşən eyni xüsusiyyətlərə malik məhsul istehsal edən istənilən hüquqi və ya fiziki şəxsə verilir.
Mənşə ölkəsində coğrafi göstərici mühafizə olunan tarixədək, tərkibində coğrafi göstərici olan əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədi vicdanla verilibsə, qeydiyyatı aparılıbsa və ya əmtəə nişanına dair hüquq vicdanla istifadə yolu ilə əldə edilibsə, əmtəə nişanının qeydiyyatından imtina edilə, qeydiyyatı etibarsız hesab edilə və ya əmtəə nişanından istifadə hüququ məhdudlaşdırıla bilməz.
Həmcins əmtəələrə və ya xidmətlərə görə daha əvvəl ilkinliklə Azərbaycan Respublikasında başqa şəxslərin adına qorunan və ya qeydiyyatın aparılması üçün onlar tərəfindən iddia qaldırılan, habelə başqa şəxsin əmtəə nişanı kimi bu Qanunla müəyyən edilən qaydada geniş tanınmış olan nişanlar coğrafi göstərici hesab edilmir.
Coğrafi göstərici, mənşə ölkəsində mühafizə olunan müddətdə növ əlaməti anlayışı kimi hesab edilə bilməz.
Bu maddədə müəyyənləşdirilmiş tələblər yerinə yetirilmədikdə nişan coğrafi göstəricisi kimi qeydə alınmır.
Coğrafi obyektin adı olan və ya bu adı özündə əks etdirən, lakin Azərbaycan Respublikasında coğrafi obyektə aid olmayan işarə coğrafi göstərici kimi qeydə alınmır.
Mənşəyi göstərilən ərazidən olmayan əmtəələrlə bağlı coğrafi göstəricidən əmtəə nişanının tərkibində istifadə edilməsi istehlakçılarda həqiqi mənşə yeri barədə yanlışlıq yarada bilərsə, onun qeydiyyatından imtina olunur və ya qeydiyyatı ləğv edilir.
Mənşə ölkəsində mühafizə olunmayan coğrafi göstərici Azərbaycan Respublikasında qeydə alınmır.
II fəsil
ƏMTƏƏ NİŞANLARININ VƏ COĞRAFİ GÖSTƏRİCİLƏRİN QEYDƏ ALINMASI

Əmtəə nişanının və coğrafi göstəricinin qeydə alınması barədə iddia sənədini iddiaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verir.
İddiaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma iddia sənədini aşağıdakı qaydada verə bilər:
bilavasitə;
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda qeydə alınmış patent müvəkkili vasitəsilə.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti göstərənlər istisna olmaqla xarici hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum ilə əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı hüquqi əhəmiyyətli işləri yalnız patent müvəkkilləri vasitəsilə aparırlar.
İddia sənədi ərizədən və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla bir əmtəə nişanına, bir coğrafi göstəriciyə aid olmalıdır.
Əmtəə nişanının qeydə alınmasına dair ərizədə aşağıdakılar göstərilməlidir:
iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası);
iddia edilən nişanın şəkli və ya üçölçülü forması;
əmtəələrin, xidmətlərin, nişanların qeydiyyatı üçün əmtəələrin və ya xidmətlərin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısı;
əmtəə nişanının rəngi;
nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsi.
Coğrafi göstəricinin qeydə alınmasına dair ərizədə aşağıdakılar göstərilməlidir:
qeydiyyat barəsində vəsatət;
iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası);
iddia edilən coğrafi göstəricinin işarəsi;
coğrafi göstəricinin aid ediləcəyi əmtəənin və ya xidmətin adı;
əmtəənin istehsal edildiyi və ya xidmətin göstərildiyi coğrafi obyektin hüdudları;
əmtəənin və ya xidmətin xüsusiyyətlərinin təsviri.
Ərizəyə aşağıdakılar qoşulur:
müəyyən edilmiş haqqın ödənildiyini təsdiq edən sənəd;
iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə onun səlahiyyətlərini təsdiq edən sənəd;
kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu nişanın aid ediləcəyi əmtəələrin və ya xidmətlərin siyahısı, onların vahid keyfiyyət və digər xüsusiyyətləri;
zəruri halda əmtəə nişanının bu Qanunun 10-cu maddəsinə uyğun ilkinliyini təsdiq edən sənəd;
iddiaçının göstərilən coğrafi obyektdə olması, şöhrəti, xüsusiyyəti başlıca olaraq coğrafi mənşəyindən irəli gələn əmtəəni istehsal etməsi və ya xidməti göstərməsi barədə sənəd və müvafiq icra hakimiyyəti orqanının rəyi;
əmtəənin mənşə ölkəsində xarici iddiaçının iddia etdiyi coğrafi göstərici üzərində hüququnu təsdiq edən sənəd.
Bu maddənin yeddinci hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Bu maddənin yeddinci hissəsində nəzərdə tutulan sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma ərizənin verildiyi tarixdən 2 ay ərzində təqdim edilir.
Əmtəə nişanının və coğrafi göstəricinin qeydə alınmasına dair ərizə iddiaçının istəyinə uyğun olaraq özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır.
Əmtəə nişanının və coğrafi göstəricisinin qeydə alınmasına dair ərizə Azərbaycan dilində verilir.
İddia sənədinə daxil olan digər sənədlər Azərbaycan dilində və ya başqa dillərdə verilə bilər. İddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsi iddia sənədinin verildiyi gündən 2 ay ərzində təqdim olunmalıdır.
Bu maddənin yeddinci və on ikinci hissələrində nəzərdə tutulan sənədlər müəyyənləşdirilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verilmədikdə (bu maddənin səkkizinci hissəsinin tələbləri nəzərə alınmaqla) və bu müddət başa çatanadək onun uzadılmasına dair əsaslandırılmış vəsatət təqdim edilmədikdə iddia sənədi verilməmiş sayılır. İddiaçının vəsatəti əsasında müəyyənləşdirilmiş müddət 2 aya qədər uzadılır.
Bu maddənin beşinci və altıncı hissələrində müəyyənləşdirilmiş tələblərə uyğun gələn ərizənin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarix iddia sənədinin verildiyi tarix sayılır.
İddia sənədlərinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
 

Əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir.
Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (Konvensiya ilkinliyi). Bu halda iddia sənədi həmin tarixdən 6 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olmalıdır. İddia sənədinin verildiyi gün müddətə daxil edilmir. Əgər müddətin axırıncı günü istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərinə və ümumxalq hüzn gününə təsadüf edərsə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həmin gün iddia sənədini qəbul edə bilmirsə, iddia sənədinin verilmə müddəti növbəti birinci iş gününə kimi uzadılır.
Paris Konvensiyasının iştirakçısı olan dövlətlərdən birinin ərazisində təşkil edilmiş rəsmi beynəlxalq sərgilərin eksponatlarında yerləşdirilmiş əmtəə nişanının ilkinliyi sərgidə eksponatın açıq göstərildiyi tarixdən müəyyənləşdirilə bilər (sərgi ilkinliyi). Bu halda əmtəə nişanı barəsində iddia sənədi həmin tarixdən ən geci 6 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olmalıdır.
Sərgi ilkinliyi Konvensiya ilkinliyinin müddətini uzatmır.
Konvensiya və ya sərgi ilkinliyi hüququndan istifadə etmək istəyən iddiaçı, bu tələbini iddia sənədini verərkən və ya iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən ən geci 3 ay ərzində bildirməlidir.
Əmtəə nişanının ilkinliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində beynəlxalq qeydiyyatın tarixi ilə də müəyyənləşdirilə bilər.
 
 

Əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin ekspertizası bu Qanuna və müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara uyğun olaraq ilkin ekspertizadan və ekspertizadan ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir.
İddia sənədinin ekspertizasının aparıldığı dövrdə ona dair qərar qəbul edilənədək iddiaçı müəyyənləşdirilmiş müəyyən edilmiş haqqı ödəyərək öz təşəbbüsü ilə iddia sənədinin materiallarını tamamlaya, dəqiqləşdirə və ona düzəliş edə bilər.
Əlavə materiallar qeydiyyata verilmiş nişanın mahiyyətini dəyişirsə və ya iddia sənədində göstərilən əmtəələrin və xidmətlərin siyahısına onlarla həmcins olmayan əmtəələri və ya xidmətləri daxil edirsə, həmin materiallar baxılmağa qəbul olunmur və iddiaçı tərəfindən müstəqil iddia sənədi kimi rəsmiləşdirilə bilər.
İddiaçı tərəfindən və ya onun xahişi ilə iddia sənədi sadalanan əmtəələrin və xidmətlərin bölünməsi yolu ilə bir neçə iddia sənədinə ayrıla bilər. Ayrılmış iddia sənədləri ilk iddia sənədinin verildiyi tarixi və iddia edilmiş əmtəə nişanının ilkinliyini saxlayır.
Ekspertizanın aparıldığı dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum iddiaçıdan ekspertiza üçün zəruri olan əlavə sənəd tələb edə bilər.
Ekspertizanın tələbinə əsasən əlavə sənəd tələbin alındığı tarixdən 2 ay ərzində təqdim edilməlidir. Bu müddət iddiaçının vəsatəti əsasında 2 ay müddətinə uzadıla bilər. İddiaçı göstərilən müddəti pozarsa və ya ekspertizanın tələbinə cavab verməzsə, iddia sənədi verilməmiş sayılır və bu barədə iddiaçıya bildiriş göndərilir.
 

Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədi ona baxılmasının istənilən mərhələsində iddiaçının xahişi ilə geri götürülə bilər.
Kollektiv nişan barəsində iddia sənədi yalnız həmin nişandan istifadə hüququ olan birliyin bütün üzvlərinin razılığı ilə geri götürülə bilər.
 

Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizası bu Qanunun 9-cu maddəsinə uyğun iddia sənədlərinin daxil olduğu tarixdən 1 ay müddətində aparılır.
Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizasının aparılması gedişində iddia sənədinin məzmunu, zəruri sənədlərin mövcudluğu, habelə müəyyənləşdirilmiş tələblərə uyğunluğu yoxlanılır. İlkin ekspertizanın nəticələrinə əsasən iddia sənədinin baxılmaq üçün qəbul və ya rədd edildiyi iddiaçıya bildirilir.
İddiaçı Konvensiya və ya sərgi ilkinliyini tələb etdikdə, lakin iddia sənədinin baxılmağa qəbul olunduğu anadək həmin tələbin hüquqiliyini təsdiqləyən zəruri sənədləri təqdim etmədiyi halda, əmtəə nişanı barəsində iddia sənədinin daxil olduğu tarixdən onun ilkinliyi müəyyənləşdirilir və bu barədə iddiaçıya məlumat verilir.
 
 

Əmtəə nişanının ekspertizası ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır. İddia edilən nişanın ekspertizası gedişində bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına, 4-cü, 5-ci və 6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğu yoxlanılır və onun ilkinliyi müəyyənləşdirilir.
Coğrafi göstəricinin ekspertizası bu Qanunun 1-ci maddəsində verilmiş “coğrafi göstəricisi” anlayışına və 8-ci maddəsində göstərilən tələblərə uyğun 2 ay ərzində aparılır.
Ekspertizaların nəticələrinə əsasən əmtəə nişanını və ya coğrafi göstəricinin qeydə alınmasına və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edilir.
Ekspertizanın nəticəsi barədə qərar 10 gün müddətində iddiaçıya göndərilir. İddiaçı ekspertiza qərarında göstərilən sənədlərlə tanış ola bilər. İddiaçı iddia sənədi üzrə qərarı aldıqdan sonra 1 ay ərzində həmin sənədlərin surətini tələb edə bilər.
İddia edilən nişan üzrə ekspertizanın nəticəsi əsasında rədd qərarı qəbul etməzdən əvvəl bu barədə müvafiq bildiriş iddiaçıya göndərilir. İddiaçı ekspertizanın nəticəsi ilə razı olmadıqda razılaşmadıqda, bildiriş aldığı tarixdən 2 ay ərzində öz dəlillərini ekspertizanı aparan tərəfə təqdim edə bilər.
Əmtəə nişanının qeydiyyat tarixinə qədər həmcins əmtəələr və ya xidmətlərlə eyni, yaxud onlarla qarışdırılacaq dərəcədə oxşar və başqa şəxsə aid olan əmtəə nişanına dair iddia sənədi, bu Qanunun 10-cu maddəsinə uyğun olaraq, daha əvvəl ilkinliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu halda, onun qeydiyyatına yenidən baxıla bilər.
Qeydə alınması haqqında qərar qəbul edildikdə iddiaçı 4 ay ərzində dövlət rüsumunu ödədikdən sonra əmtəə nişanları və ya coğrafi göstəricilər qeydə alınır, onlara dair məlumat dərc edilir və şəhadətnamə verilir. İddiaçı müəyyən edilən müddət ərzində dövlət rüsumunu ödəmədikdə, əlavə haqq ödəmək şərti ilə ona əlavə olaraq 4 ay möhlət verilir. Bu şərtlər yerinə yetirilmədiyi halda, ekspertizanın qərarı ləğv edilmiş sayılır və iddia sənədi geri çağırılmış hesab edilir.
Bu Qanunun 9-cu maddəsinə uyğun verilən iddia sənədinin ekspertizası iddiaçının vəsatəti əsasında 1 ay ərzində keçirilir.
 

İddiaçı əmtəə nişanına və ya coğrafi göstəriciyə dair iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda dövlət rüsumu ödəmək şərti ilə qərarı aldığı tarixdən 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurasına etiraz verə bilər.
Apellyasiya şurası etirza daxil olduğu tarixdən 3 ay ərzində baxır.
Bu Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə uyğun olaraq oxşar əmtəə nişanının sahibinin razılıq məktubu və ya başqa razılaşma sənədi əmtəə nişanının ekspertizası mərhələsində, ekspertiza nəticəsində rədd qərarı qəbul edildikdə isə, Apellyasiya şurasında nəzərə alına bilər.
İddiaçının və ya patent müvəkkilinin Apellyasiya şurasında iddiaya baxılmasında iştirak etmək və çıxarılmış qərarın materialları ilə tanış olmaq hüququ vardır.
İddiaçı Apellyasiya şurasının qərarını aldığı tarixdən 3 ay ərzində həmin qərardan məhkəmə qaydasında şikayət edə bilər.
 

Bu Qanunun 15-ci maddəsinin birinci hissəsinə uyğun olaraq Apellyasiya şurasına etirazın verilməsi müddəti iddiaçı tərəfindən ötürüldükdə həmin müddət iddiaçının vəsatətinə əsasən və əlavə dövlət rüsumu ödəmək şərti ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əlavə olaraq 6 ay keçənədək bərpa edilə bilər.
 

Ekspertizanın qərarına və Apellyasiya şurasının etirazla bağlı müsbət qərarına əsasən, habelə bu Qanunun 14-cü maddəsinin altıncı hissəsinə uyğun olaraq 1 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum əmtəə nişanını və coğrafi göstəricini əmtəə nişanları və coğrafi göstəricilərin Dövlət reyestrində (bundan sonra — “reyestr” adlandırılacaq) qeydə alır.
Reyestrə əmtəə nişanının şəkli, ilkinliyi, sahibi haqqında məlumat, qeydə alındığı tarix, Nitsa təsnifatının sinifləri üzrə əmtəələrin və ya xidmətlərin qruplaşdırılmış siyahısı daxil edilir. Reyestrə əmtəə nişanının qeydə alınması, qeydiyyatın qüvvədə olma müddətinin uzadılması, qeydiyyatın ləğvinə dair məlumat və sonrakı dəyişikliklər daxil edilir. Reyestrdə kollektiv nişan qeydə alınarkən ondan istifadə hüququ olanlar barəsində məlumat da əlavə olunur.
Reyestrə coğrafi göstəricinin şəkli, ondan istifadə hüququ alan şəxsə dair məlumat, əmtəənin xüsusi xassələrinin təsviri, qeydə alındığı tarix və onun qüvvədə olma müddətinin uzadılmasına aid məlumat və sonrakı dəyişikliklər daxil edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum reyestr məlumatlarından çıxarışı haqq ödənildikdən sonra verir.
Dövlət reyestrlərinin aparılma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 

Bu Qanunun 17-ci maddəsinə əsasən reyestrə daxil edilmiş məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun rəsmi bülletenində dərc edilir.
Qeydə alınmış kollektiv nişana dair məlumatın dərci zamanı əlavə olaraq nişanın aid edildiyi əmtəənin və ya xidmətin keyfiyyəti və digər xüsusiyyətləri barədə kollektiv nişanın nizamnaməsindən çıxarış verilir.
 
 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum qeydə alınmış əmtəə nişanına və ya coğrafi göstəriciyə dair Azərbaycan Respublikası ərazisində qüvvədə olan qeydiyyat şəhadətnaməsi verir.
Əmtəə nişanına dair şəhadətnamə iddia edilmiş nişanın əmtəə nişanı kimi qeydə alınması faktını, onun ilkinliyini, əmtəələrə və göstərilən xidmətlərə aid nişan sahibinin müstəsna hüququnu təsdiq edir və qeydə alınmış nişanın təsvirini özündə əks etdirir. Kollektiv nişana dair şəhadətnaməyə nişandan istifadə hüququ olanlar (birliyin üzvləri) barəsində məlumatlar da daxil edilir.
Coğrafi göstəricidən istifadə hüququna dair şəhadətnamə coğrafi göstərici kimi iddia edilmiş nişanın qeydə alınması faktını və şəhadətnamə sahibinin göstərilən əmtəə və ya xidmətdən istifadə hüququnu təsdiq edir.
Coğrafi göstərici barədə şəhadətnamə, qeydə alınmış coğrafi göstəricidən istifadəyə müstəsna hüquq vermir. Şəhadətnamə onun sahibinə həmin göstəricidən qanunsuz istifadəni qadağan etməyə dair tələb irəli sürmək hüququ verir.
Əmtəə nişanı və coğrafi göstərici barədə şəhadətnamə reyestrdə qeydə alındığı tarixdən 1 ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilir.
Əmtəə nişanı və coğrafi göstərici haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 

 
Əmtəə nişanının geniş tanınmasına dair ərizə bir əmtəə nişanına aid edilir və dövlət rüsumunun ödənildiyini təsdiqləyən sənədlə birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurasına təqdim olunur.
Əmtəə nişanının geniş tanınmasına, ona hüquqi mühafizə verilməsinə dair qərar bu Qanunun 7-ci maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları”na uyğun olaraq qəbul edilir.
Əmtəə nişanının geniş tanınmasına dair qərar bir ay müddətində “Geniş tanınmış əmtəə nişanlarının Dövlət reyestri”ndə qeydiyyata alınır, geniş tanınmış əmtəə nişanına dair şəhadətnamə verilir və bu barədə məlumat təxirə salınmadan rəsmi bülletendə dərc edilir və digər informasiya vasitələrində yayımlanır.
Geniş tanınmış əmtəə nişanının hüquqi mühafizəsinə məhdudiyyət qoyulmur.
Apellyasiya şurasının qərarından onun alındığı gündən 3 ay müddətində məhkəmə qaydasında şikayət verilə bilər.
 

Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatı iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verildiyi tarixdən 10 il müddətində qüvvədə olur. Bu müddət nişan sahibinin ərizəsinə əsasən haqq ödənilməklə məhdudiyyət qoyulmadan hər dəfə 10 il müddətinə uzadıla bilər.
Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun uzadılması üçün əmtəə nişanının sahibinə və coğrafi göstərici barədə şəhadətnamənin sahibinə əlavə haqq ödəmək şərti ilə 6 ay möhlət verilir.
Qeydiyyat müddətinin uzadılmasına dair məlumat reyestrə və şəhadətnaməyə daxil edilir və rəsmi bülletendə dərc olunur.
Coğrafi göstərici coğrafi obyektin şərtlərinə uyğun olan xüsusi keyfiyyəti və ya əsas xassələrini özündə saxlamaqla, əmtəənin istehsalı müddətində mühafizə olunur.
Coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamə, iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən 10 il qüvvədə olur. Şəhadətnamənin qüvvədə olma müddəti, onun qüvvədə olma müddətinin axırıncı ilində sahibinin ərizəsi əsasında haqq ödənilməklə daha 10 il müddətinə uzadıla bilər. Şəhadətnamənin qüvvədə olma müddətinin uzadılmasına məhdudiyyət qoyulmur.
 
 

Əmtəə nişanının, kollektiv nişanın və coğrafi göstəricinin qeydiyyatına dair şəhadətnamənin sahibi qeydiyyatla bağlı məlumatlardakı dəyişikliklər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma məlumat verməlidir.
Dəyişikliklər reyestrə və şəhadətnaməyə dövlət rüsumu ödənilməklə daxil edilir.
 

Kollektiv nişan qeydiyyat müddətinin bitdiyi tarixdən 3 il ərzində nişanın əvvəlki sahibi və ya onun hüquq varisi istisna olmaqla başqa şəxsin adına yenidən qeydə alına bilməz. Bu qayda kollektiv nişanın sahibi qeydiyyatın qüvvədə olma müddəti bitənədək nişandan imtina etdikdə də tətbiq olunur.
 

Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxslərinin müəyyənləşdirilmiş qaydada əmtəə nişanını və coğrafi göstəricini xarici dövlətlərdə qeydə aldırmaq və ya onun beynəlxalq qeydiyyatını həyata keçirmək hüququ vardır.
Əmtəə nişanının beynəlxalq qeydiyyatına dair iddia sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum vasitəsilə verilir.
Coğrafi göstəricinin xarici dövlətlərdə qeydiyyatına dair iddia sənədi coğrafi göstərici Azərbaycan Respublikasında qeydə alındıqdan sonra verilir.
 
 
III fəsil
ƏMTƏƏ NİŞANLARINDAN VƏ COĞRAFİ GÖSTƏRİCİLƏRDƏN İSTİFADƏ

Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır.
Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.
Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur.
Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir.
Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər.
Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir.
 
 

Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır.
Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır.
Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir.
Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır.
Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər.
Kollektiv nişanın sahibləri kollektiv nişanla yanaşı əmtəə və ya xidmətlərə dair özlərinin əmtəə nişanından da istifadə edə bilərlər.
Eyni coğrafi göstəricidən istifadə edildikdə, istehlakçını yanıldan halların baş verməməsi üçün nişanlar təsviri elementlər və əsl coğrafi mənşəni aydın formada göstərən işarələrlə müşayiət olunmalıdır.
Coğrafi göstəricinin birinci qeydiyyat tarixinə qədər eyni və ya ona oxşar olan coğrafi göstəricidən vicdanla istifadə edən şəxs istifadə hüququnu özündə saxlayır.
Əmtəənin və ya göstərilən xidmətin əsas xüsusiyyətləri, o cümlədən əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsinə nəzarət, əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması barədə qərar verən və əmtəə nişanının (coğrafi göstəricinin) qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir.
 

Əmtəə nişanına və ya coğrafi göstəriciyə dair şəhadətnamənin sahibi əmtəə nişanının və ya coğrafi göstəricinin yanında onların Azərbaycan Respublikasında qeydiyyatda olmasını bildirən ® işarəsi qoya bilər.
Hüququn tanınması ilə bağlı əmtəə nişanının və ya coğrafi göstəricinin qeydiyyatı üçün əmtəədə hər hansı işarənin və ya göstəricinin yerləşdirilməsi tələb olunmur.
 
 

Əmtəə nişanının sahibi əmtəə nişanından istifadə hüququnu lisenziya müqaviləsi, əmtəə nişanına dair hüququ isə müqavilə əsasında həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi barədə başqa şəxsə verə bilər. Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsi haqq, əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilə isə dövlət rüsumu ödənilmək şərti ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda qeydə alınır və onların barəsində məlumatlar rəsmi bülletendə dərc olunduqdan sonra başqa şəxslərin hüquqa zidd hərəkətlərinə tətbiq olunur.
Əmtəə nişanına dair hüququn verilməsi əmtəə nişanının qeydə alınması üçün təqdim olunan iddia sənədinə də aid edilə bilər. Bu halda əmtəə nişanının yeni sahibinin hüququ iddia sənədinin verildiyi gündən qüvvədə olur. Əmtəə nişanına dair hüququn verilməsi əmtəə, xidmət və istehsalçı barədə istehlakçıda yanlış təsəvvür yaratmamalıdır.
Hər hansı ittifaqın, assosiasiyanın, birliyin adına kollektiv nişan qeydə alına bilər və bu nişana, eləcə də ondan istifadəyə dair hüquq başqa şəxsə onların bütün üzvlərinin razılığı ilə verilə bilər.
Lisenziya müqaviləsi əmtəə nişanı sahibinin (lisenziarın) nişandan istifadə hüququnun başqa şəxsə (lisenziata) verilməsi barədə sənəddir. Bu müqavilə yalnız qeydə alınmış əmtəə nişanına aiddir və qeydiyyatda göstərilən əmtəələr və xidmətlər barəsində qüvvədə olur.
Lisenziya müqaviləsinin qeydiyyatı barədə ərizə və sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma təqdim edilir. Lisenziyanın qeydiyyatı üçün verilən sənədlərə baxılarkən, ərizədə və ya hər hansı materialda göstərilənlərin təsdiqi üçün əlavə sənəd tələb oluna bilər. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır: lisenziyanın növü (müstəsna, qeyri-müstəsna və ya yeganə); lisenziyanın qüvvədə olma müddəti; lisenziyanın istifadə olunduğu ərazi. Lisenziya müqavilələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən “Müqavilələrin qeydiyyatı Qaydaları”na uyğun həyata keçirilir.
Lisenziya müqaviləsinə görə lisenziatın əmtəəsinin və ya xidmətinin keyfiyyəti lisenziarınkindən aşağı olmamalı və lisenziar bu şərtin yerinə yetirilməsinə nəzarət etməlidir.
Lisenziya müqaviləsinə əmtəənin və ya xidmətin keyfiyyəti barədə sənəd əlavə edilir.
Qeydə alınmış lisenziya müqaviləsində dəyişikliklər tərəflərin razılığı ilə edilir.
Qeydə alınmış lisenziya müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ləğv oluna bilər.
Əmtəə nişanına dair lisenziya müqaviləsinin məcburi bağlanmasına yol verilmir.
Coğrafi göstəricidən istifadə hüququ olan şəxs bu hüququn verilməsinə və ondan istifadəyə dair lisenziya müqaviləsi bağlaya bilməz.
Qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqlar müqavilə əsasında başqa şəxsə girov kimi verilə bilər.
Girov müqaviləsi haqq ödəmək şərti ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda qeydiyyata alınır. “Girov müqaviləsinin qeydiyyatı Qaydaları” müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
IV fəsil
ƏMTƏƏ NİŞANLARININ VƏ COĞRAFİ GÖSTƏRİCİLƏRİN HÜQUQİ MÜHAFİZƏSİNİN XİTAMI

Əmtəə nişanı və coğrafi göstərici bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər.
Maraqlı şəxs göstərilən müddətlərdə Apellyasiya komissiyasına qeydiyyata qarşı əsaslandırılmış etiraz təqdim edə bilər. Etiraza onun daxil olduğu tarixdən 2 ay ərzində baxılmalıdır. Etiraz vermiş şəxsin, habelə qeydə alınmış nişan sahibinin Apellyasiya komissiyasında etiraza baxılmasında iştirak etmək hüququ vardır.
Apellyasiya komissiyasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər.
Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir:
əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə;
əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə.
Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər.
Coğrafi göstəricinin qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir:
coğrafi məkanda təbiət amilləri dəyişdiyi halda;
coğrafi göstəricidən istifadə edildiyi əmtəə ona aid olan xüsusi keyfiyyətlərini itirdiyi halda.
Azərbaycan Respublikasında geniş tanınmış əmtəə nişanına hüquq bu Qanunun 7-ci maddəsinin tələbləri pozulmaqla verilmişsə, habelə həmin maddədə müəyyən edilən əlamətlərə görə geniş tanınmış əmtəə nişanı qüvvəsini itirmişsə, qüvvədə olduğu müddət ərzində ona qarşı verilmiş etiraz əsasında tamamilə və ya qismən geniş tanınmış kimi etibarsız hesab edilə bilər.
Bu maddənin müddəalarına əsaslanaraq istənilən şəxs dövlət rüsumu ödəmək şərti ilə, əmtəə nişanının və ya coğrafi göstəricinin qeydiyyatının və ya coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin ləğv edilməsinə dair tələblə və ya geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət edə bilər. Müraciətə 3 ay ərzində baxılmalıdır. Müraciət edən şəxsin, habelə qeydə alınmış nişan sahibinin Apellyasiya şurasında işə baxılmasında iştirak etmək hüququ vardır. Apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər.
 

Əmtəə nişanının və coğrafi göstəricinin qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurası qeydiyyata xitam verə bilər.
Apellyasiya şurasında ərizəyə dövlət rüsumunun ödənilməsi şərti ilə 3 ay ərzində baxılır. Ərizə barədə 2 həftə ərzində nişan sahibinə bildiriş göndərilir.
İstənilən şəxsin, əmtəə nişanı sahibinin, onun lisenziatının, coğrafi göstəriciyə dair şəhadətnamə sahibinin ərizəyə baxılmasında iştirak etmək hüququ vardır.
Qeydə alınmış əmtəə nişanından və coğrafi göstəricidən istifadə olunmaması ilə əlaqədar qeydiyyata xitam verilməsi məsələsinə baxılarkən nişan sahibinin həmin nişandan özündən asılı olmayan səbəblərə görə istifadə etmədiyinə dair gətirdiyi dəlillər, o cümlədən istifadəsinə təsir edən idxal məhdudiyyətləri və ya ona aid olan əmtəə və xidmətlər üzrə hökumətin digər tələbləri nəzərə alına bilər.
Əmtəə nişanından istifadə halının sübutu əmtəə nişanının sahibinin üzərinə düşür.
Apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər.
Vahid keyfiyyət və başqa xüsusiyyətləri olmayan əmtəələrdə və göstərilən xidmətlərdə kollektiv nişandan istifadə edildikdə maraqlı hüquqi və ya fiziki şəxsin ərizəsinə əsasən onun qeydiyyatına məhkəmə qaydasında vaxtından əvvəl tamamilə və ya qismən xitam verilə bilər.
Qeydiyyata xitam verilməsi barədə məlumat rəsmi bülletendə dərc edilir.
 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir:
bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müddətin qurtarması ilə əlaqədar;
şəhadətnamə sahibi qeydiyyatdan imtina etdikdə;
bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda;
bu Qanunun 30-cu maddəsinə uyğun qəbul olunmuş qərara əsasən;
coğrafi göstərici qüvvədən düşdükdə;
hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda;
coğrafi göstəricinin mənşə ölkəsində hüquqi mühafizəsinə xitam verildikdə.
Mənşəyi göstərilən ərazidən olmayan əmtəələrə dair coğrafi göstəricidən istifadə edilməsi istehlakçıları həqiqi mənşə yeri barəsində yanılda bilərsə, onun qeydiyyatından imtina olunur və ya qeydiyyatı ləğv edilir.
Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər.
İstənilən şəxs dövlət rüsumunu ödəmək şərti ilə bu maddənin 1-ci hissəsində göstərilən səbəblərə görə əmtəə nişanının, geniş tanınmış əmtəə nişanının, coğrafi göstəricinin qeydiyyatına və coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin qüvvəsinə xitam verilməsi barədə Apellyasiya şurasına müraciət edə bilər. Apellyasiya şurasında baxılan etirazın müddəti onu vermiş şəxsin, habelə əmtəə nişanının, geniş tanınmış əmtəə nişanının, coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin sahibinin əsaslandırılmış ərizəsi əsasında, əlavə dövlət rüsumu ödənilməsi şərti ilə etirazın müəyyən edilmiş baxılma müddətinin bitdiyi gündən altı aydan çox olmayan müddətə uzadıla bilər.
Apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər.
Qeydiyyatın ləğvinə dair məlumat rəsmi bülletendə dərc edilir.
V fəsil
QEYDƏ ALINMIŞ NİŞANLARIN HÜQUQİ MÜHAFİZƏSİ

Bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
Tərkibində coğrafi göstərici saxlayan şərab və spirtli içkilər üçün əmtəə nişanından nişan sahibinin razılığı olmadan istifadə qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
Göstərilən mənşəyə dəxli olmayan şərablar və spirtli içkiləri müəyyənləşdirən coğrafi göstəricidən ibarət əmtəə nişanının qeydə alınmasından maraqlı tərəfin tələbi ilə imtina edilir və ya qeydiyyat etibarsız sayılır.
Coğrafi göstərici məlum olarsa, mənşə adından tərcümə edilərsə, “cins”, “tip”, “təqlid” və başqa ifadələrlə birgə işlənərsə, eləcə də şəhadətnaməsi olmayan şəxslər tərəfindən xüsusiyyətləri istehlakçıları yanılda bilən bircinsli əmtəələr (o cümlədən, şərab və spirtli içkilər) barəsində eyni və ya oxşar nişandan istifadə edilərsə, bu hal qeydə alınmış coğrafi göstəriciyə dair hüquqların pozulması sayılır.
Paris Konvensiyasının 10bis maddəsinə uyğun olaraq haqsız rəqabət sayılan hər bir istifadə hərəkəti.
Aşağıdakı hallar internet şəbəkəsində, xüsusilə domen adlarda və ya ünvanlamanın başqa üsullarında əmtəə nişanının və ya firma adının sahibinin hüquqlarının pozulması hesab edilir:
domen adları eyni mallar və ya xidmətlərə görə firma adları və əmtəə nişanları ilə eynilik təşkil etdikdə;
domen adları kommersiya məqsədləri üçün istifadə edildikdə.
Domen adı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanının təkrarlandığı, ona oxşadıldığı, tərcümə və ya transliterasiya edildiyi hallarda qeydiyyata alınmışsa və ya internet şəbəkəsində haqsız istifadə edilərsə, (xüsusən domen adlarında və ya ünvanlamanın başqa üsullarında), geniş tanınmış əmtəə nişanının sahibinin hüquqlarının pozulması hesab edilir. Geniş tanınmış əmtəə nişanının sahibi məhkəmə qaydasında tələb edə bilər ki, qarşıdurma yaradan domen adının qeydiyyatını aparan orqan onun qeydiyyatına xitam versin və ya həmin adı geniş tanınmış əmtəə nişanının sahibinə qaytarsın.
Azərbaycan Respublikasında qeydiyyata alınan geniş tanınmış əmtəə nişanının başqa şəxs tərəfindən bütün növ əmtəələrdə və xidmətlərdə istifadə edilməsi onun sahibinə ziyan vurduqda bu xal geniş tanınmış əmtəə nişan sahibinin hüquqlarının pozulması hesab edilir.
Mühafizə edilən əmtəə nişanı və coğrafi göstəricinin istifadəsi ilə bağlı aşağıdakılar qadağan olunur:
əmtəənin, göstərilən xidmətin və ya sahibkarlıq fəaliyyətinin başqası ilə qarışdırılmasına səbəb olan hərəkətlər;
kommersiya fəaliyyəti həyata keçirilərkən əmtəəni, göstərilən xidməti və ya sahibkarlıq fəaliyyətini gözdən salan yanlış rəylər;
kommersiya fəaliyyəti həyata keçirilərkən istifadəsi əmtəənin xüsusiyyəti, keyfiyyəti, yararlığı barədə ictimaiyyəti çaşdıra bilən göstəricilər.
 
 

Bu Qanunun icrası ilə əlaqədar aşağıdakı mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada qaydada məhkəmədə baxılır:
vahid keyfiyyət göstəricilərinə və ya digər vahid xüsusiyyətlərə malik olmayan, əmtəələrdə istifadə olunan kollektiv nişanın hüquqi mühafizəsinin vaxtından əvvəl dayandırılması;
əmtəə nişanına dair müstəsna hüququn pozulması;
vaxtından əvvəl əmtəə nişanı və coğrafi göstəricinin qeydiyyatının qüvvəsinə xitam verilməsi və ya onun etibarsız sayılması;
lisenziya müqaviləsinin və hüquqların verilməsinə dair müqavilənin bağlanması və icrası;
coğrafi göstəricidən qanunsuz istifadə.
Mübahisələrə məhkəmədə baxılarkən əmtəələrin istehsalı və ya xidmətlərin göstərilməsi ilə bağlı əmtəə nişanı sahibinin kommersiya sirlərinin saxlanılmasına riayət olunur.
 
 

Əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir.
Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir.
Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər:
a) hüquq pozuntusunun obyekti olan malların;
b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların.
Hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.
Əmtəə nişanı və coğrafi göstərici ilə qanunsuz təchiz edilmiş mallar Azərbaycan Respublikasına gətirilərkən (tranzit mallar və ya hüquq sahibinin və ya onun razılığı ilə digər dövlətin ərazisində sərbəst satışdan əldə olunan mallar istisna olmaqla) hüquq sahibinin tələbi ilə məhkəmə qərarına əsasən həmin malların gömrük orqanları tərəfindən sərbəst dövriyyəyə buraxılışı 10 iş günü müddətinə dayandırıla bilər.
İxrac olunması nəzərdə tutulan kontrafakt malların gömrük ərazisindən buraxılması gömrük orqanlarının qərarı ilə dayandırıla bilər.
Hüquq sahibinin nişanı ilə qanunsuz təchiz edilmiş əmtəələr Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların saxlanması üçün gömrük orqanlarına əsaslandırılmış xahişlə müraciət etmək, əmtəələrin miqdarı və ixracatçı, idxalatçı, daşıyıcı barədə məlumat almaq hüququ vardır.
Malların sərbəst dövriyyəyə buraxılmaması barədə ərizəçiyə (hüquq sahibinə) bildiriş verildiyi gündən 10 iş günü müddətində kontrafakt olduğu ehtimal edilən idxal mallarının üzərinə iddianın təmin edilməsi qaydasında məhkəmə tərəfindən qoyulmuş həbs qərarından sonra cavabdeh olmayan şəxsin iddiasına əsasən məhkəmədə işə mahiyyəti üzrə baxılması barədə ağlabatan müddətdə məlumat gömrük orqanlarına daxil olmadıqda, dayandırma 10 iş günündən çox olmamaq şərti ilə uzadıla bilər.
Əmtəə gömrük sərhəddində qanunsuz saxlanılarsa, onun sahibinə dəyən ziyan təqsirkar tərəfindən ödənilir.
Əmtəələrin keyfiyyəti orijinaldan fərqlənərsə, əmtəə nişanlarından və coğrafi göstəricidən qanunsuz istifadə edən şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.
VI fəsil
YEKUN MÜDDƏALARI
 

 
35.1. Bu Qanunda nəzərdə tutulmuş hallarda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.
35.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun göstərdiyi bu Qanunda nəzərdə tutulan xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə haqq ödənilir. 

 

Əmtəə nişanları və coğrafi göstəricilər ilə bağlı iddia sənədinin qəbulunu (iddia sənədinin ilkin ekspertizası və ekspertizası daxil olmaqla), əmtəə nişanına dair ilkinliyin müəyyən edilməsini, iddia sənədinin materiallarının tamamlanmasına, dəqiqləşdirilməsinə və ona düzəliş edilməsinə və iddia sənədlərinin (o cümlədən ilkinlik üzrə sənədlərin) təqdim edilmə müddətinin uzadılmasına dair vəsatətlərə baxılmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış ixtisaslaşmış hüquqi şəxs həyata keçirir.
 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, xarici hüquqi və fiziki şəxslər əmtəə nişanlarına və coğrafi göstəricilərə dair Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə bərabər hüquqa malikdirlər.
 
 

Bu Qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.
 
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
 
Bakı şəhəri, 12 iyun 1998-ci il
№ 504-IQ