Maddə 58.

Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları

 
58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.1-1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması üfüqi monitorinq zamanı aşkar edildikdə, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.2. Bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer , yaxud yaşadığı yerin dəyişməsi barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
58.2-1. Vergi ödəyicisinin bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyektinin (obyektinin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmamasına və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə, habelə kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda olan təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınmasına dair (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatın (arayışın) əks olunmamasına görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
58.3. Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit və elektron pul təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit və elektron pul təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.4. bu Məcəllənin 155-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.5. bu Məcəllənin 157-ci və 158-ci maddələrinə müvafiq olaraq ƏDV məqsədləri üçün qeydiyyat qüvvəyə minmədən və ya ləğv edildiyi halda ƏDV üzrə elektron vergi hesab-fakturasının təqdim edilməsinə görə vergi ödəyicisinə təqdim edilmiş elektron vergi hesab-fakturasında göstərilmiş vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.6. bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:
58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir:
58.7-1.1. həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə;
58.7-1.2. həmin Qanunun 3.4.1-ci maddəsinin tələblərini pozmaqla pul vəsaitlərini nağd qaydada qəbul edən lizinq verənə, kreditləri nağd qaydada verən kredit verənə;
58.7-1.3. həmin Qanunun 3.4.2-ci maddəsinin tələblərini pozmaqla nağd qaydada sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçıya və ya təkrarsığortaçıya;
58.7-1.4. həmin Qanunun 3.4.3-cü maddəsinin tələblərini pozmaqla xidmət haqlarını və digər yığımları nağd qaydada qəbul edən şəxsə;
58.7-1.5. həmin Qanunun 3.4.5-ci maddəsinin tələblərini pozmaqla stasionar telefon və kommunal xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə;
58.7-1.6. həmin Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə;
58.7-1.7. həmin Qanunun 3.4.8-ci maddəsinin tələblərini pozmaqla təhsil haqlarını nağd qaydada qəbul edən şəxsə;
58.7-1.8. həmin Qanunun 3.4.9-cu maddəsinin tələblərini pozmaqla nağd qaydada ödəmələri qəbul edən şəxsə;
58.7-1.9. həmin Qanunun 3.4.10-cu, 3.4.11-ci, 3.4.15-ci və 3.4.16-cı maddələrinin tələblərini pozmaqla, ödənişi nağd qaydada qəbul edən şəxsə;
58.7-1.10. həmin Qanunun 3.4.12-ci maddəsinin tələblərini pozmaqla, tibbi xidmətlərin dəyərini nağd qaydada qəbul edən tibb müəssisəsinə və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə;
58.7-1.11. həmin Qanunun 3.4.13-cü maddəsinin tələblərini pozmaqla, uduşları (mükafatları) nağd qaydada verən və ya oyunlarda iştirakla bağlı pul ödənişlərini (pul qoyuluşlarını) nağd qaydada qəbul edən şəxsə.
58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda:
58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir;
58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir;
58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında.
58.9. Bu Məcəllənin 194.2-ci maddəsində nəzərdə tutulmuş plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına və ya məcburi nişanlama ilə nişanlanmamasına, tam uçota alınmamasına, aksiz markalarının və məcburi nişanlamanın inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə 5000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
58.11. Sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident ödəniş xidməti təchizatçılarında açılmış hesaba (rezident banklar tərəfindən qeyri-rezident banklarda açılmış müxbir hesablar istisna olmaqla) dair forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatın bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim edilməməsinə görə həmin hesaba mədaxil edilmiş pul vəsaitinin 100 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.
58.12. Vergi orqanından bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-1-ci maddəsinə əsasən həmin Qanunun 14.5.1-1.3-cü maddəsində göstərilən şəxslər tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınmamasına görə vergi ödəyicisinə:
58.12.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı məbləğlərinin 40 faizi miqdarında;
58.12.2. təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı məbləğlərinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.13-1. Bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-faktura tərtib edilmədən malların bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsinə görə vergi ödəyicisinə elektron qaimə-faktura ilə rəsmiləşdirilməyən hər bir belə əməliyyat üçün 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
58.14. Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir.
58.15. Bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
58.15-1. Vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir: (5 dekabr 2023-cü il tarixli 1033-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.13.5-ci maddəsi bu Qanunun 1.2.3.2-ci maddəsində nəzərdə tutulan qayda və şərtlərlə eyni gündə qüvvəyə minir.)
58.15-1.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 10 faizi miqdarında;
58.15-1.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 20 faizi miqdarında;
58.15-1.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 40 faizi miqdarında.
58.15-2. Bu Məcəllənin 16.1.11-15-ci maddəsinin tələblərinin pozulması baş verdikdə kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçilərinə (bazarlar idarəetməyə verildikdə idarəedicilərinə) təqvim ili ərzində belə hal birinci dəfə aşkar edildikdə 2000 manat, ikinci dəfə aşkar edildikdə 4000 manat, üç və daha çox dəfə aşkar edildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
58.16. Bu Məcəllənin 58.8.2-ci maddəsinin məqsədləri üçün malların dəyəri dedikdə həmin malların alış qiyməti, malların alış qiymətini müəyyən etmək mümkün olmadığı halda isə topdansatış bazar qiyməti nəzərdə tutulur. Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir.
58.17. Bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində sadalanan və bu Məcəllənin 71-1-ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlər nəzərə alınmır və bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.