Maddə 22.
Vergi orqanları işçilərinin sosial müdafiəsi və bu orqanların maddi həvəsləndirmə və inkişaf fondu
22.1. Vergi orqanlarının işçilərinin sosial müdafiəsinə dövlət təminat verir və onlar dövlət büdcəsinin vəsaiti hesabına icbari qaydada sığorta olunurlar. İcbari sığortanın qaydası və şərtləri qanunla müəyyən edilir.
Vergi orqanının işçisinə xidməti fəaliyyəti həyata keçirdiyi zaman peşə fəaliyyəti ilə məşğul olmağa imkan verməyən ağır bədən xəsarəti yetirildikdə, ona dövlət büdcəsinin vəsaiti hesabına vəzifə maaşı ilə pensiyası arasındakı fərq ödənilir.
Xidməti fəaliyyətlə əlaqədar vergi orqanının işçisinin və ya onun ailə üzvlərinin əmlakına dəymiş zərər, sonradan təqsirkar şəxsdən tutulmaqla, tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
22.2. Vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına bu orqanların büdcədənkənar fondu yaradılır. Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.