Maddə 116.

Sığorta haqlarının gəlirdən çıxılması

 
116.1. Öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığorta haqları üzrə, həmçinin təkrarsığorta müqavilələrinə münasibətdə təkrarsığorta haqları üzrə öhdəliklər gəlirdən çıxılır. Sığorta müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə çəkilən sığorta haqqı xərcləri həmin hesabat dövrləri üzrə onun hesablanması qaydasına müvafiq surətdə bölüşdürülür.
116.2. Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən hesablayıb ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır.
İşəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır.
116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.