Maddə 418-1.

Kasasiya instansiyası məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi

 
418-1.1. Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 418.6-cı maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadının əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.
418-1.2. Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə iclası Ali Məhkəmənin işə baxan məhkəmə tərkibinin əsaslandırılmış təqdimatı əsasında Ali Məhkəmənin sədri tərəfindən təyin edilir. Mübahisəli hüquqi məsələyə bu Məcəllənin 418-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılarkən müvafiq təqdimatı verən məhkəmə tərkibinin daxil olduğu Ali Məhkəmənin kollegiyasının sədri iclasa sədrlik edir. İclas mülki və kommersiya kollegiyaların hakimlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduğu hallarda sədrlik edənin səsi həlledici sayılır.
418-1.3. Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir.
418-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar.
418-1.5. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 418-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.