Maddə 216.
Qətnamənin çıxarılması və elan edilməsi
216.1. İşi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır.
216.2. Məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır.
216.3. Qətnamə məhkəmə iclasında işə baxıldıqdan sonra hakimlərin ayrıca müşavirə otağında çıxarılır. İşə kollegial formada baxıldıqda, qətnamə səs çoxluğu ilə qəbul olunur. Qətnamə çıxarıldığı zaman müşavirə otağında yalnız işə baxan hakim, yaxud məhkəmə ola bilər. Başqa şəxsin müşavirə otağında olmasına yol verilmir.
216.4. Müşavirədən sonra hakimlər qəbul edilmiş qətnaməni elan edirlər.
216.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə qətnamənin elan edilmiş nəticə hissəsi barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir.