Maddə 916.
Sığorta qaydalarının məzmunu
916.1. Sığorta qaydalarında aşağıdakılar müəyyən edilməlidir:
916.1.1. müvafiq sığorta növünün aid olduğu və ya bu növdə birləşdirilmiş sığorta sinifləri;
916.1.2. sığorta predmetlərinin – sığorta olunanların, sığortalanan əşyaların və ya halların konkret kateqoriyası;
916.1.3. sığorta məbləğlərinin müəyyən edilməsi qaydası;
916.1.4. sığorta riskləri;
916.1.5. sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər;
916.1.6. sığorta müqaviləsinin bağlanması, həmçinin ona əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası;
916.1.7. tərəflərin hüquqları və vəzifələri;
916.1.8. sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri;
916.1.9. sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin konkret siyahısı;
916.1.10. sığorta ödənişinin verilməsindən imtinanın əsasları;
916.1.11. sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilməsi müddəti;
916.1.12. sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti;
916.1.13. mübahisələrin həlli qaydası;
916.1.14. sığorta tarifləri və onların iqtisadi əsaslandırılması.
916.1-1. Bu Məcəllənin 916.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərdən əlavə olaraq aqrar sığortaya aid sığorta qaydalarında “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər məsələlər də müəyyən edilir.
916.2. Bu Məcəllənin 916.1.5-ci maddəsində nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər sığorta müqaviləsində razılaşdırılmaqla sığorta təminatına daxil edilə bilər.