Maddə 1078-33.
Depozitar fəaliyyəti
1078-33.1. Depozitar fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.
1078-33.2. Depozitar fəaliyyətinin həyata keçirilməsi standartları və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-33.3. Depozitarın qiymətli kağızların saxlanması və uçotu üzrə xidmətlərindən istifadə edən şəxs deponent adlandırılır.
1078-33.4. Depozitar müqaviləsinin bağlanılması qiymətli kağızlar üzrə mülkiyyət hüququnun depozitara keçməsinə əsas deyildir.
1078-33.5. Depozitarın öhdəlikləri üzrə tənbeh tədbirləri deponentin qiymətli kağızlarına yönəldilə bilməz.
1078-33.6. Depozitar, depo hesabları üzrə yazıların tamlığını və düzgünlüyünü təmin-etməlidir və öz öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə, depo hesabları üzrə yazıların tamlığına və düzgünlüyünə görə məsuliyyət daşıyır.
1078-33.7. Depozitar sisteminin strukturu, onun üzvlərinin qarşılıqlı münasibətlərinin prinsipləri, məzmunu və formasına olan tələblər, onların fəaliyyət qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-33.8. Depozitar eyni zamanda reyestrsaxlayıcı peşəkar fəaliyyətini həyata keçirdikdə emitentlə bağlanılmış müqaviləyə əsasən qiymətli kağız sahiblərinin və (və ya) nominal saxlayıcıların depo hesablarına əsasən reyestri aparır. Bu halda digər depozitarlarda saxlanılan qiymətli kağızlar qiymətli kağız sahiblərinin reyestrini aparan depozitarda nominal saxlayıcı hesabında əks etdirilir.
1078-33.9. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlət qiymətli kağızlarına hüquqların uçotunu aparan depozitarla bağlanılmış müqavilə əsasında həmin qiymətli kağızlar üzrə ayrı-ayrı depozitar əməliyyatlarını aparmaq hüququna malikdir