Maddə 7-2.
Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı
7-2.1. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının (yenidən təşkil nəticəsində yaranan məhdud məsuliyyətli cəmiyyət istisna olmaqla)həyata keçirilməsi üçün təsisçi (təsisçilər) müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə formasını dolduraraq gücləndirilmiş elektron imza ilə təsdiq edir. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxs olduğu təqdirdə, onun qeydiyyatını təsdiq edən sənədlər – ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və qeydiyyatı təsdiq edən digər əlaqəli sənədlər ərizəyə əlavə olunmalıdır. Qeydiyyatı təsdiq edən sənədlərin konsul leqallaşdırılması tələb olunduğu zaman bu sənədlər həmin xarici hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), Azərbaycan Respublikasının hüdudlarından kənarda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim olunur. Qeydiyyatı təsdiq edən sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya diplomatik nümayəndəlik (konsulluq) tərəfindən leqallaşdırılaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının dövlət dilinə tərcüməsinin təsdiq olunması məqsədilə “Elektron notariat” informasiya sisteminə, tərcüməsi notariat qaydasında təsdiq olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Elektron şəhadətnamə (apostil) verilmiş xarici rəsmi sənədlər isə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq yoxlanıldıqdan və “Elektron notariat” informasiya sistemi vasitəsilə tərcüməsi notariat qaydasında təsdiq olunduqdan sonra sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
7-2.2. Elektron dövlət qeydiyyatı zamanı ərizədə təsisçi (təsisçilər) fəaliyyət sahəsi, işçilərlə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarını göstərir, özü tərəfindən daxil edilmiş məlumatlara əsasən elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Elektron ərizədə benefisiar mülkiyyətçi barədə bu Qanunun 5.3.2-3-cü maddəsində nəzərdə tutulan məlumatlar qeyd olunmalıdır.
7-2.3. Elektron dövlət qeydiyyatı zamanı xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi ilə birlikdə skan edilərək ərizəyə əlavə olunur.
7-2.4. Elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edənin elektron kabinetinə göndərilir. Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə onun elektron kabinetinə göndərilir və işçilərlə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatları avtomatik olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.