Maddə 6.
Xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatının xüsusiyyətləri
6.1. Xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması üçün bu Qanunun 5-ci maddəsində göstərilən sənədlərdən əlavə aşağıdakılar təqdim olunmalıdır:
6.1.1. nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə (nümayəndəliyin və ya filialın əsasnaməsində onu yaradan xarici hüquqi şəxsin adı, olduğu yer, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, nümayəndəliyin və ya filialın hüquq və vəzifələri, idarə olunma və ləğv olunma qaydası və təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməlidir);
6.1.1-1. Xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin əsasnaməsində bu Qanunun 6.1.1-ci maddəsində göstərilən məlumatlardan başqa, həmçinin onu yaratmış təşkilatın qeydiyyatını aparmış qurumun adı, filial və ya nümayəndəliyin hüquqi ünvanı, fəaliyyətinin predmeti, rəhbərinin səlahiyyətləri göstərilməlidir.
6.1.2. nümayəndəliyin və ya filialın yaradılması haqqında onu yaradan xarici hüquqi şəxsin qərarı;
6.1.2-1. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı saziş.
6.1.3. nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış (qeydiyyat şəhadətnaməsi və s.). Bu halda həmin sənəd Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının hüdudlarından kənarda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır;
6.1.4. nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;
6.1.5. nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti. Xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və ya nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir;
6.1.6. xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin rəhbəri müavininin təyin edilməsi barədə sənəd.
6.2. Notariat qaydasında təsdiq edilməsi nəzərdə tutulmuş sənədlər xarici ölkələrin notariusunda təsdiq edildiyi halda, bu Qanunun 6. 1. 3-cü maddəsində müəyyən edilmiş qaydaya əməl olunmalıdır.