Maddə 5-2.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı
5-2.1. Təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Təsisçi (təsisçilər) həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməlidir. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.
5-2.2. Adi elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) elektron ərizə formasını doldurur, işçilərlə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarını həmin ərizəyə daxil edir, ərizədə qeyd olunan məlumatlar əsasında elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Adi elektron dövlət qeydiyyatı zamanı təsisçi tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq hazırlanmış nizamnamə elektron ərizə formasına əlavə oluna bilər. Elektron ərizədə benefisiar mülkiyyətçi barədə bu Qanunun 5.3.2-3-cü maddəsində nəzərdə tutulan məlumatlar göstərilməlidir.
5-2.3. Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə formasında yalnız təkbaşına icra orqanının rəhbəri, fəaliyyət sahəsi və işçilərlə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarını göstərir. Bu halda təsisçi elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.
5-2.3-1. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.
5-2.4. Elektron dövlət qeydiyyatı zamanı təsisçi hüquqi şəxs qismində yalnız vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan hüquqi şəxs çıxış edə bilər. Bu halda təsisçinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin surəti elektron ərizəyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə edilir və qeyd edilən sənədlərin notariat qaydasında təsdiqi tələb olunmur.
5-2.5. Elektron dövlət qeydiyyatı zamanı yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin qanuni təmsilçisi, icra orqanının rəhbəri (üzvləri) və direktorlar şurasının (müşahidə şurasının) üzvləri yalnız Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan fiziki şəxslərdən təyin edilir.
5-2.6. Adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edənin şəxsi elektron kabinetinə göndərilir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetinə göndərilir.
5-2.7. Sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi elektron kabinetinə real vaxt rejimində göndərilir.
5-2.8. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə daxil edilmiş işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatları qeydiyyat prosesi başa çatdıqdan (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetə göndərildikdən) sonra avtomatik olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
5-2.9. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı mobil nömrənin identifikasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu mobil operatorlar tərəfindən real vaxt rejimində cavablandırılmalıdır.