Maddə 5-1.
Benefisiar mülkiyyətçinin müəyyən edilməsi
5-1.1. Aşağıdakı şəxslər hüquqi şəxsin benefisiar mülkiyyətçisi hesab olunur:
5-1.1.1. son nəticədə hüquqi şəxsin nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) fiziki şəxs (şəxslər);
5-1.1.2. bu Qanunun 5-1.1.1-ci maddəsi ilə müəyyən edilmiş fiziki şəxs (şəxslər) mövcud olmadıqda və ya bu şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);
5-1.1.3. əgər hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər).
5-1.2. Aşağıdakı şəxslər xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisi hesab olunur:
5-1.2.1. trastın strukturunda təsisçi, trast idarəçisi, trast təminatçısı (olduğu halda), benefisiar və ya benefisiarlar qrupu, trast üzərində effektiv nəzarəti həyata keçirən hər hansı digər fiziki şəxs (nəzarət və (və ya) mülkiyyət zənciri də daxil olmaqla);
5-1.2.2. digər növ xarici hüquqi təsisatlarda bu Qanunun 5-1.2.1-ci maddəsində müəyyən edilmiş şəxslərlə eyni və ya oxşar hüquq və vəzifə daşıyan şəxslər.