Maddə 5.

Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müraciət

 
5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.
5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.
5.3. Ərizədə aşağıdakılar göstərilir:
5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;
5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi;
5.3.2-1. təsisçi dövlət olduqda – təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
5.3.2-2. publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat;
5.3.2-3. hüquqi şəxs statusu almaq istəyən qurumun benefisiar mülkiyyətçisi barədə aşağıdakı məlumatlar:
5.3.2-3.1. soyadı, adı, atasının adı (olduğu təqdirdə), doğum tarixi, fərdi identifikasiya nömrəsi və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsi;
5.3.2-3.2. vətəndaşlığı;
5.3.2-3.3. yaşayış yeri;
5.3.2-3.4. birbaşa və ya dolayı benefisiar mülkiyyətçi olması;
5.3.2-3.5. hüquqi şəxsə təsir hüquqlarının və ya imkanlarının dairəsi və əsası;
5.3.2-3.6. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olub-olmaması;
5.3.2-3.7. hüquqi şəxsin benefisiar mülkiyyətçisinin müəyyən edilməsinə qədər nəzarət və (və ya) mülkiyyət zəncirində mövcud olan bütün hüquqi şəxslərin və xarici hüquqi təsisatların adı, dövlət qeydiyyatına alındığı ölkə, qeydiyyat nömrəsi, təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payı;
5.3.2-3.8. hüquqi şəxs statusu almaq istəyən qurumun adından hərəkət edən şəxs xarici hüquqi təsisatın idarəçisi qismində çıxış etdikdə, bu barədə məlumat.
5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar.
5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar.
5.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən, publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, siyasi partiyalara münasibətdə, həmçinin proqramı, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır);
5.4.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
5.4.3. təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti.
5.4.4. təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
5.4.4-1. qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) və qanuni təmsilçisi (təmsilçiləri), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;
5.4.5. hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd;
5.4.5-1. siyasi partiyalara münasibətdə üzvlərinin reyestri;
5.4.6. qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
5.4.7. fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;
5.4.8. təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd;
5.4.9. nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının rəyi;
5.4.10. təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılması barədə sənəd.
5.5. Yenidən təşkil nəticəsində yaradılan qurumların dövlət qeydiyyatına alınması barədə ərizəyə habelə aşağıdakılar əlavə edilir:
5.5.1. yenidən təşkil haqqında qərar;
5.5.2. təhvil aktı və ya bölünmə balansı;
5.5.3. mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat.
5.6. Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında saxlanılır, surəti isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsə qaytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq oluna bilər.
5.7. Hüquqi şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı əsasında yenidən təşkil edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, bu Qanunun 5.5-ci maddəsinin tələblərinə riayət edilməklə, həmin hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün əsasdır. Bu halda dövlət qeydiyyatı bu Qanunun 8-ci maddəsində göstərilmiş müddətdə həyata keçirilməlidir.
5.8. Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilən müddət ərzində tamamilə ödənilmiş nizamnamə kapitalı barədə 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.