Maddə 4.

Hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının ümumi qaydaları

 
4.1. Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, siyasi partiyalar, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
4.2. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və ya filialları və digər qurumları dövlət reyestrinə daxil edilməlidir.
4.2-1. Xarici dövlətlərin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycan Respublikasının ərazisində bir nümayəndəlik və ya filial yaradıla bilər.
4.2-2. Hər bir hüquqi şəxs benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə dürüst, dəqiq və yenilənmiş məlumatları bilməli və təsdiqedici sənədlərə (o cümlədən elektron sənədlərə) malik olmalı, qanunla nəzərdə tutulmuş hallarda və qaydada təqdim etməlidir.
4.2-3. Hər bir hüquqi şəxs benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları özündə əks etdirən sənədləri (o cümlədən elektron sənədləri) qanunla müəyyən edilmiş qaydada saxlamalıdır.
4.3. Hüquqi şəxs statusu almaq istəyən qurumların (yerli və ya xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı istisna olmaqla), xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə və qaydada, kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərin xüsusiyyətləri nəzərə alınmaqla, dövlət rüsumu tutulur.
4.4. Dövlət qeydiyyatına alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və filialları, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları dövlət reyestrinə rüsumsuz daxil edilir. Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.
4.5. Bu Qanunla müəyyən edilmiş müddətlər hesablanarkən yalnız iş günləri nəzərə alınır.
4.6. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların təqdim edilməsinə yol verilmir.
 
II fəsil
HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT QEYDİYYATI
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.