Maddə 2.
Əsas anlayışlar
2.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:
2.0.1. hüquqi şəxs – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur;
2.0.2. xarici hüquqi şəxs – Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsdir;
2.0.3. hüquqi şəxs statusu almaq istəyən qurum – hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edən şəxs və ya şəxslər qrupudur;
2.0.4. nümayəndəlik – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur;
2.0.5. filial – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur;
2.0.6. təsis sənədləri – hüquqi şəxsin və bu Qanunda göstərilən digər müvafiq qurumların yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını təşkil edən sənədlərdir;
2.0.7. hüquqi şəxslərin dövlət qeydiyyatı – Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir;
2.0.8. hüquqi şəxslərin dövlət reyestri – Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur;
2.0.9. kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumlardır;
2.0.9-1. publik hüquqi şəxs – “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu cür müəyyən edilmiş qurumdur;
2.0.10. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət – Azərbaycan Respublikasının vətəndaşları və (və ya) Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir;
2.0.11. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı – təkmil sertifikata malik gücləndirilmiş elektron imza ilə təsdiq edilən və müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatıdır;
2.0.12. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı – hüquqi ünvanı yeganə təsisçisi kimi çıxış edən fiziki şəxsin yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə eyni olan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin bu Qanunun 5-2.3-cü və 5-2.7-ci maddələrinə uyğun olaraq real vaxt rejimində aparılan elektron dövlət qeydiyyatıdır;
2.0.13. elektron kabinet – bu Qanunun məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, elektron imza sertifikatı və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə qarşılıqlı məlumat və sənəd mübadiləsini təmin edən fərdi elektron səhifə;
2.0.14. qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər;
2.0.15. xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir;
2.0.16. xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı – təsisçiyə (təsisçilərə) məxsus gücləndirilmiş elektron imza ilə təsdiq edilən və müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə, təsisçi xarici hüquqi şəxs olduğu təqdirdə isə həmçinin həmin ərizəyə əlavə edilən sənədlər əsasında xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin (yenidən təşkil nəticəsində yaranan məhdud məsuliyyətli cəmiyyət istisna olmaqla) dövlət qeydiyyatıdır;
2.0.17. sanksiya tətbiq edilməli olan fiziki şəxslər və qurumlar – “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş fiziki şəxslər və qurumlardır;
2.0.18. benefisiar mülkiyyətçi – son nəticədə hüquqi şəxsə və ya xarici hüquqi təsisata nəzarəti həyata keçirən və ya hüquqi şəxsin, yaxud xarici hüquqi təsisatın əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);
2.0.19. nəzarət və (və ya) mülkiyyət zənciri – hüquqi şəxs və (və ya) xarici hüquqi təsisatın birinin digərini təsis etməsi, idarə etməsi, birinin digərinə nəzarət etməsi, birinin digərinin paylarına (səhmlərinə) sahib olması və (və ya) xarici hüquqi təsisatın təsis əqdinin tərəfi (xarici hüquqi təsisat təsisçisi, idarəçisi, benefisiarı (benefisiarlar qrupu), təminatçısı) və ya hüquqi şəxs və xarici hüquqi təsisat üzərində son nəticədə effektiv nəzarəti həyata keçirən digər şəxs olması.