Maddə 16.
Hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının reyestrdən çıxarılması
16.1. Hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.
16.1-1. Bu Qanunun 16.1-ci maddəsində qeyd edilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
16.1-1.1. ləğvetmə qərarı;
16.1-1.2. ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat;
16.1-1.3. Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd və möhür.
16.1-2. Təqdim edilmiş sənədlər bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeyd reyestrə daxil edilir.
16.2. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:
16.2.1. ləğvetmə balansı;
16.2.2. qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya təşkilatı olduğu halda isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini) təsdiq edən sənəd;
16.2.3. hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli, üzərində "ləğv prosesindədir" yazılmış möhür;
16.2.3-1. fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayış;
16.2.4. səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankının arayışı;
16.2.5. hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə, bu Qanunun 16.1-1.1-ci, 16.1-1.3-cü, 16.2.3-сü və 16.2.4-cü maddələrində nəzərdə tutulan sənədlərlə birlikdə təhvil aktı və ya bölünmə balansı.
16.2-1. Hüquqi şəxs müflis olması nəticəsində ləğv edildikdə, əmlak inzibatçısı qurumun ləğv edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra 10 gün müddətində bu Qanunun 16.1-1.1-ci, 16.2.3-cü və 16.2.3-1-ci maddələrində nəzərdə tutulmuş sənədlərlə və bu Qanunun 16.2.4-cü maddəsinə uyğun olaraq, səhmdar cəmiyyətlərinə münasibətdə Azərbaycan Respublikası Mərkəzi Bankının arayışı ilə birlikdə üzərində “iflas prosesində olan” yazılmış möhürü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.
16.3. Ərizə təsisçilər, yaxud ləğvetmə komissiyasının səlahiyyətli üzvləri (təsviyəçi, ləğvedici) və ya əmlak inzibatçısı tərəfindən imzalanır və təqdim edilir.
16.4. Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında saxlanılır, surəti isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsə qaytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq oluna bilər.
16.5. Ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, sənədləri aldığı vaxtdan 7 gün müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir.
16.6. Təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar edildiyi halda, bu barədə müraciət etmiş şəxslərə yazılı məlumat verilir və çatışmazlığın aradan qaldırılması tələb olunur.
16.7. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 16.5-ci maddəsində müəyyən edilmiş müddətdən gec olmayaraq qurumun reyestrdən çıxarılması haqqında qərar qəbul edir və bu barədə müraciət etmiş şəxslərə məlumat verir. Qurumun ləğv edilməsi barədə reyestrdə müvafiq qeydlər aparılır. Dövlət reyestrindən çıxarılmış hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri fəaliyyət göstərə bilməz.
16.8. Çatışmazlıqların aradan qaldırılması barədə məlumat verilmədikdə, qurum 60 gün ərzində reyestrdən çıxarıla bilməz.
16.9. Xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsi zamanı hüquqi şəxslərin ləğvi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Qanun ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddətinin uzadılmaması həmin filial və ya nümayəndəliyin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və ya nümayəndəliklərinin “Media haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci və ya 11.2-2-ci maddələrinin tələblərini pozmaqla fəaliyyət göstərməsi, habelə Media Reyestrindən çıxarılması həmin filial və ya nümayəndəliyin ləğv edilməsi üçün əsasdır.
16.10. Xarici dövlətin qeyri-hökumət təşkilatı digər təşkilatla birləşdikdə, qoşulduqda və ya özü bölündükdə, təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan Respublikasının ərazisindəki filialı və ya nümayəndəliyi ləğv edilir.