Maddə 15.

Dövlət reyestrindən çıxarışlar

 
15.1. Dövlət qeydiyyatına alınmış hər bir hüquqi şəxs, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialı və Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxsin yaratdığı qurumlar barədə məlumatlar dövlət reyestrinə daxil edildikdən sonra dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün təqdim edilmiş sənədlər arxivə verilir.
15.2. Dövlət qeydiyyatına və (və ya) dövlət reyestrinə daxil edilmiş hər bir quruma Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alındığı və ya dövlət reyestrinə daxil edildiyi vaxt dövlət reyestrindən çıxarış verilməlidir.
15.3. Təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alındığı vaxtdan ən geci 3 gün keçənədək müraciət etmiş şəxsə dövlət reyestrindən çıxarış verilməlidir.
15.4. Dövlət reyestrindən çıxarışda göstərilən məlumatların həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15.5. Dövlət reyestrindən çıxarışı almış şəxs onun düzgünlüyünü yoxlamalı və yanlışlıq aşkar etdikdə, çıxarışın verildiyi vaxtdan 3 həftə müddətində bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı həmin yanlışlığın aşkar edilməsi barədə məlumatı yoxlamalı və dövlət reyestrində müvafiq düzəlişlər aparmalıdır.
15.6. Dövlət reyestrindən çıxarışdakı hər hansı yanlışlıq barədə bu Qanunun 15.5-ci maddəsində göstərilmiş müddətdə məlumat verilmədikdə, dövlət reyestrindəki yazı (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları, habelə benefisiar mülkiyyətçiləri barədə məlumatlar istisna olmaqla) Azərbaycan Respublikasının rəsmi qəzetində dərc edilir.
15.7. Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları, habelə benefisiar mülkiyyətçiləri barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir.
15.8. Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları, habelə benefisiar mülkiyyətçiləri barədə məlumatlar istisna olmaqla) sənədlərin surəti şəklində də verilə bilər. Sənədlərin surəti, dövlət orqanları və təsisçilər istisna olmaqla, digər şəxslərə rüsum ödənilməklə verilir.
15.9. Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında aşağıdakılara verilir:
15.9.1. qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanlarına;
15.9.1-1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 29.7-ci və 56.1-ci maddələrinin tətbiq edilməsi məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);
15.9.1-2. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);
15.9.2. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə;
15.9.3. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada maliyyə monitorinqi orqanına, nəzarət orqanlarına, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada öhdəlik daşıyan şəxslərə;
15.9.3-1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Valyuta tənzimi haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələrək lisenziyanın (icazənin) verilməsi, fəaliyyətə başlama üçün qeydiyyatın (reyestrin) aparılması və nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına;
15.9.4. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada icra məmurlarına;
15.9.5. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada vəkilə;
15.9.5-1. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada notariusa;
15.9.6. həmin kommersiya hüquqi şəxsin digər təsisçilərinə (iştirakçılarına);
15.9.6-1. təsisçilərin (iştirakçıların) vərəsələrinə;
15.9.7. barəsində dövlət reyestrindən məlumatların verilməsi tələb olunan şəxsin razılığı ilə üçüncü şəxslərə.
15.9-1. Benefisiar mülkiyyətçi barədə bu Qanunun 14.1.6-1-ci maddəsində nəzərdə tutulan məlumatlar sorğu əsasında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada maliyyə monitorinqi orqanına verilir.
15.10. Notarius bu Qanunun 15.9-cu maddəsində qeyd edilən məlumatlarla yanaşı, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsini və nizamnaməsini elektron informasiya sistemləri vasitəsilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sorğu əsasında əldə edir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.