Maddə 14-1.

Benefisiar mülkiyyətçiyə dair məlumatların yoxlanılması

 
14-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) benefisiar mülkiyyətçi barədə reyestrə daxil edilmiş məlumatları 5 iş günü müddətində maliyyə monitorinqi orqanına təqdim edir.
14-1.2. Maliyyə monitorinqi orqanı reyestrə daxil edilmiş benefisiar mülkiyyətçi məlumatlarının dövlət orqanlarına (qurumlarına), habelə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş öhdəlik daşıyan şəxslərə, auditor xidməti göstərən şəxslərə, qeyri-hökumət təşkilatlarına və dini qurumlara, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə sorğu verməklə, açıq mənbələrdən araşdırma aparmaqla, habelə bu Qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulan məlumatlardan istifadə etməklə yoxlanılmasını təmin edir.
14-1.3. Reyestrə daxil edilmiş məlumatın doğruluğuna dair şübhələr olduqda maliyyə monitorinqi orqanı hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı bu Qanunun 5.3.2-3-cü maddəsində nəzərdə tutulmuş məlumatlara dair təsdiqedici sənədlərin əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sorğu verir. Bu zaman müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsdən aidiyyəti sənədlərin 5 iş günü müddətində təqdim edilməsini tələb edir və sənədlər təqdim edildiyi tarixdən etibarən 3 iş günü müddətində onları maliyyə monitorinqi orqanına təqdim edir.
14-1.4. Maliyyə monitorinqi orqanı bu Qanunun 14-1.3-cü maddəsi üzrə təqdim edilmiş sənədlər əsasında aparılmış təhlillər nəticəsində hüquqi şəxsin benefisiar mülkiyyətçisinin fərqli şəxs olmasını müəyyən edərsə, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir. Həmin orqan (qurum) maliyyə monitorinqi orqanı tərəfindən təqdim edilmiş hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları hüquqi şəxsə təqdim edir. Hüquqi şəxs təqdim edilən məlumatla razılaşmadıqda müvafiq məlumatı aldığı tarixdən etibarən 5 iş günü müddətində özünün benefisiar mülkiyyətçisinə dair əlavə təsdiqedici sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi (orqana) quruma, həmin orqan (qurum) isə bu sənədləri 3 iş günü müddətində maliyyə monitorinqi orqanına təqdim edir.
14-1.5. Maliyyə monitorinqi orqanı bu Qanunun 14-1.4-cü maddəsi üzrə təqdim edilmiş əlavə təsdiqedici sənədlər əsasında apardığı təhlillər nəticəsində hüquqi şəxsin benefisiar mülkiyyətçisinin fərqli şəxs olmasını yenidən müəyyən edərsə, maliyyə monitorinqi orqanı bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir. Həmin orqan (qurum) təqdim edilən məlumatlar əsasında reyestrə dəyişiklik edir və dəyişiklik edilmiş benefisiar mülkiyyətçi barədə məlumatı özündə əks etdirən çıxarışın və benefisiar mülkiyyətçi məlumatlarına dəyişiklik edilməsi barədə bildirişin 3 iş günü müddətində hüquqi şəxsin elektron kabinetinə göndərilməsini təmin edir.
14-1.6. Bu Qanunun 14-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş müddət ərzində hüquqi şəxs bəyan etdiyi benefisiar mülkiyyətçiyə dair əlavə təsdiqedici sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməzsə, həmin orqan (qurum) maliyyə monitorinqi orqanının təqdim etdiyi məlumatlar əsasında reyestrə dəyişiklik edir və dəyişiklik edilmiş benefisiar mülkiyyətçi barədə məlumatı özündə əks etdirən çıxarışın və benefisiar mülkiyyətçi məlumatlarına dəyişiklik edilməsi barədə bildirişin 3 iş günü müddətində hüquqi şəxsin elektron kabinetinə göndərilməsini təmin edir.
14-1.7. Hüquqi şəxs bu Qanunun 14-1.5-ci və 14-1.6-cı maddələri ilə nəzərdə tutulmuş hallarda benefisiar mülkiyyətçi məlumatlarında dəyişiklik edilməsi barədə bildirişi aldıqdan sonra 3 iş günü müddətində benefisiar mülkiyyətçi qismində müəyyən edilmiş şəxsin bu barədə məlumatlandırılmasını təmin edir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.