Maddə 14.
Dövlət reyestrinə daxil edilən məlumatlar
14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir:
14.1.1. qurumun adı (firma);
14.1.2. qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yerə dair məlumat);
14.1.3. qurumun təşkilati-hüquqi forması;
14.1.4. maliyyə ili;
14.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi;
14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar;
14.1.6-1. qurumun hər bir benefisiar mülkiyyətçisinin soyadı, adı, atasının adı, doğum tarixi, vətəndaşlığı, yaşayış yeri, benefisiar mülkiyyətçinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olub-olmaması barədə məlumatlar;
14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;
14.1.8. hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar;
14.1.8-1. qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat;
14.1.9. qurumun ləğvetmə və ya iflas prosesində olması barədə məlumat;
14.1.9-1. məhkəmənin qərarı ilə hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar;
14.1.10. qurumun ləğv edilməsi barədə məlumat.
14.2. Dövlət reyestrində hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün bu Qanunun 14. 1-ci maddəsində nəzərdə tutulmuş məlumatlardan əlavə, hüquqi şəxsin təşkilati-hüquqi formasından asılı olaraq aşağıdakı məlumatlar göstərilməlidir:
14.2.1. kommandit ortaqlığında - hər bir kommanditçinin mayasının miqdarı;
14.2.2. məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində - nizamnamə kapitalının miqdarı, hər bir təsisçinin mayasının miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri;
14.2.3. qeyri-kommersiya təşkilatlarında - fəaliyyət predmeti və məqsədləri, fəaliyyət ərazisi, fəaliyyətinin dayandırılması və bərpa edilməsi, qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan təsisçisinin (təsisçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi, ictimai birliklərin üzvlərinin sayı, siyasi partiyaların üzvlərinin reyestri, fondlarda - himayəçilər şurasının üzvləri, fondun nizamnamə kapitalı və təsisçilərin əmlak paylarının həcmi haqqında məlumatlar.
14.2.3-1. publik hüquqi şəxsdə – nizamnamə fondunun miqdarı, təsisçi tərəfindən verilmiş əmlakın miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri;
14.2.4. xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində - Azərbaycan Respublikasında filial və ya nümayəndəliyi olan xarici qeyri-hökumət təşkilatının təsisçiləri, filial və ya nümayəndəliyin rəhbərinin və onun müavininin səlahiyyət müddəti, eləcə də rəhbərinin müavininin adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşayış yeri, habelə dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddəti, fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumatlar.
14.2.5. qeyri-hökumət təşkilatlarında və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində - qurumun icra orqanlarının tərkibi və səlahiyyət müddəti, qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan qanuni təmsilçisinin (təmsilçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi, ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılmasına və bərpa edilməsinə dair məlumatlar.
14.3. Bu Qanunun 14.1.9-1-ci maddəsində nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində müəyyən edilmiş qaydada qeydiyyat orqanına göndərilir.