Maddə 13.
Dövlət qeydiyyatına alınmanı və dövlət reyestrinə daxil edilməni təsdiq edən sənəd
13.1. Dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd - dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir.
13.2. Dövlət qeydiyyatına alınmış hüquqi şəxs, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı barəsində dövlət reyestrinə daxil edilmiş məlumatlar dövlət reyestrindən çıxarışla təsdiq edilir.
13.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici hüquqi şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda sahibkarlıq fəaliyyəti subyektləri üçün Azərbaycan Respublikasında vahid kod olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir.
13.3-1. Kommersiya qurumları və publik hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) hüquqi şəxsin elektron kabinetinə göndərilir.
13.4. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarışı hüquqi şəxsin, onun filial və nümayəndəliyinin fərdiləşdirilməsi üçün əsasdır.