Maddə 12.

Hüquqi şəxslərin dövlət reyestrinin əsas prinsipləri

 
12.1. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
12.2. Hüquqi şəxslərin dövlət reyestri vahid forma, metod və prinsiplər əsasında aparılır.
12.3. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının informasiya ehtiyatıdır və onun mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və təmin olunur.
12.3-1. Qeyri-hökumət təşkilatının filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması tələb edilmir. Təşkilat on gün müddətində müvafiq icra hakimiyyəti orqanına filial və (və ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verir.
12.4. Hüquqi şəxslərin dövlət reyestri kağız və elektron daşıyıcılarda tərtib edilir.
12.5. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə digər qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcılardakı qeydlər üstün qüvvəyə malik olur.
12.6. Dövlət reyestrinin elektron daşıyıcılarda tərtib edilməsi vahid təşkilati, metodoloji və texniki-proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla, dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə və vəhdətdə fəaliyyət göstərməsini təmin edir.
12.7. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması məqsədi ilə dövlət reyestrini aparan orqanın sorğusu əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin qurumlar üçün eyniləşdirmə kodu alınır və onlar həmin kod altında reyestrə daxil edilir.
12.8. Dövlət reyestri aşağıdakılardan ibarətdir:
12.8.1. hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının təşkili, qeydiyyatı, yenidən təşkili, məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi, ləğv edilməsi və hüquqi şəxsin iflas prosesində olması barədə məlumatlar;
12.8.2. təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatlar;
12.8.3. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyi və ya filialı, habelə digər qurumları barədə məlumatlar;
12.8.3-1. qeyri-hökumət təşkilatına və xarici dövlətlərin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması və bərpa edilməsi, ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar;
12.8.3-2. siyasi partiyaların, həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumatlar;
12.8.3-3. siyasi partiyaların fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə, habelə onlara edilmiş yazılı xəbərdarlıqlar və onların icrası barədə məlumatlar;
12.8.4. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilmiş sənədlər toplusu.
12.9. Hüquqi şəxslərin dövlət reyestri illər üzrə və Azərbaycan Respublikasının hər bir inzibati ərazi vahidi (rayon və ya şəhər) üzrə aparılır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlət reyestri digər meyarlar üzrə də aparıla bilər.
12.10. Dövlət qeydiyyatının ərazi aidiyyəti hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir.
12.11. Dövlət reyestrinin aparılması qaydası və dövlət reyestr kitabının forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
12.12. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin (o cümlədən, elektron ərizənin) formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir və onu internet səhifəsində yerləşdirilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.