Maddə 11.

Qanunun tətbiqi zamanı qanunçuluğun təminatı

 
11.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir.
11.2. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə onların müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən imtinaya yol verilmir.
11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər:
11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda;
11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda;
11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda;
11.3.2-1. hüquqi şəxslərin (publik hüquqi şəxslər və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə dövlət nəzarəti və yoxlama funksiyaları verilmiş hüquqi şəxslər istisna olmaqla) nizamnamələrində (siyasi partiyalara münasibətdə əlavə olaraq proqramlarında) dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının və vəzifəli şəxslərin səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda;
11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə;
11.3.3-1. kommersiya qurumlarına münasibətdə bu Qanunun 11.3.1–11.3.2-1-ci və 11.3.3-2-ci maddələrində nəzərdə tutulanlardan əlavə olaraq, həmçinin:
11.3.3-1.1. eyni adlı hüquqi şəxs qeydiyyata alınmış olduqda;
11.3.3-1.2. dövlətin və ya bələdiyyənin təsisçisi olduğu hüquqi şəxslər istisna olmaqla, hüquqi şəxsin adında Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) və ya yerli özünüidarəetmə orqanlarının tam və ya qısaldılmış adlarından (qısaldılmış adın ayrıca söz kimi mövcud olduğu hallar istisna olmaqla) istifadə edildikdə;
11.3.3-1.3. dövlətin təsis etdiyi və ya dövlətin payı olan hüquqi şəxslər istisna olmaqla, hüquqi şəxsin adında Azərbaycan Respublikası və ya Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) və ya yerli özünüidarəetmə orqanları ilə əlaqəli olması təəssüratı yaradan söz və ya ifadələrdən istifadə edildikdə;
11.3.3-1.4. əsassız olaraq dövlət tərəfindən lisenziyalaşdırıldığı və ya digər formada səlahiyyətləndirildiyi barədə mülki dövriyyə iştirakçılarında çaşqınlıq yarada bilən adlardan istifadə edildikdə;
11.3.3-1.5. hüquqi şəxsin adında milli qəhrəmanların və şəhidlərin adlarından (onların və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə;
11.3.3-1.6. dövlət qeydiyyatına alınmış hüquqi şəxsin adının bir və ya iki hərfinin dəyişdirilməsi və ya yeni hərfin (sözün mənasının dəyişdiyi hallar istisna olmaqla), işarənin (rəqəmlər istisna olmaqla) əlavə edilməsi, habelə adındakı sözlərin yerinin dəyişdirilməsi ilə mülki dövriyyə iştirakçılarında çaşqınlıq yarada biləcək addan istifadə edildikdə;
11.3.3-1.7. hüquqi şəxsin adında Azərbaycan əlifbasında olan hərflər, rəqəmlər, “nöqtə”, “vergül”, “dırnaq”, “defis” və “nömrə” işarələri istisna olmaqla, digər işarələr və simvollardan istifadə edildikdə;
11.3.3-1.8. xarici ölkələrdə mövcud olan hüquqi şəxslərin təşkilati-hüquqi formalarını əks etdirən termin və ya qısa adlardan istifadə edildikdə (xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları istisna olmaqla);
11.3.3-1.9. hüquqi şəxsin adında xarici ölkələrin tam və ya qısaldılmış rəsmi adlarından istifadə edildikdə (xarici investisiyalı qurumlar istisna olmaqla);
11.3.3-1.10. hüquqi şəxsin adında beynəlxalq təşkilatların tam və ya qısaldılmış adlarından istifadə edildikdə;
11.3.3-1.11. hüquqi şəxsin adında “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər sahəvi qanunları ilə qadağan edilən sözlərdən istifadə edildikdə;
11.3.3-2. hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialının və ya onların təsisçisinin və ya qanuni təmsilçisinin adı terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında olduqda;
11.3.3-3. siyasi partiyanın adı, olduğu halda qısaldılmış adı və rəmzləri “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş tələblərə cavab vermədikdə;
11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8. 3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda.
11.4. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün bu Qanunda göstərilməyən sənədlərin tələb olunmasına yalnız o halda yol verilir ki, belə sənədlərin təqdim edilməsi Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş olsun.
11.4-1. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi və ya hüquqi şəxsin iflas prosesində olması faktının dövlət qeydiyyatına alınması (məhdud məsuliyyətli cəmiyyətin adının dəyişdirilməsi faktının elektron qaydada qeydiyyata alınması istisna olmaqla) zamanı həmin təşkilatların möhürləri müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Möhür müvafiq icra hakimiyyəti orqanına təqdim edilməyənədək təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlər verilmir. Möhür itirildiyi halda bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edilməlidir.
11.4-2. Hüquqi şəxs statusu almaq istəyən, habelə yenidən təşkil edilən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
11.4-3. Kommersiya qurumları və publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinə daxil edilməsini, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinə daxil edilməsini təsdiq edən sənədlərdə (dövlət qeydiyyatı haqqında şəhadətnamədə, dövlət reyestrindən çıxarışda, nizamnamə və ya nizamnaməyə dəyişiklikdə) göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.
11.5. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər.
 
III fəsil
HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT REYESTRİ
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.