Maddə 9.

Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə alınması barədə iddia sənədinin verilməsi

Əmtəə nişanının və coğrafi göstəricinin qeydə alınması barədə iddia sənədini iddiaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verir.
İddiaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma iddia sənədini aşağıdakı qaydada verə bilər:
bilavasitə;
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda qeydə alınmış patent müvəkkili vasitəsilə.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti göstərənlər istisna olmaqla xarici hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum ilə əmtəə nişanları və coğrafi göstəricilərlə bağlı hüquqi əhəmiyyətli işləri yalnız patent müvəkkilləri vasitəsilə aparırlar.
İddia sənədi ərizədən və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla bir əmtəə nişanına, bir coğrafi göstəriciyə aid olmalıdır.
Əmtəə nişanının qeydə alınmasına dair ərizədə aşağıdakılar göstərilməlidir:
iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası);
iddia edilən nişanın şəkli və ya üçölçülü forması;
əmtəələrin, xidmətlərin, nişanların qeydiyyatı üçün əmtəələrin və ya xidmətlərin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısı;
əmtəə nişanının rəngi;
nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsi.
Coğrafi göstəricinin qeydə alınmasına dair ərizədə aşağıdakılar göstərilməlidir:
qeydiyyat barəsində vəsatət;
iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası);
iddia edilən coğrafi göstəricinin işarəsi;
coğrafi göstəricinin aid ediləcəyi əmtəənin və ya xidmətin adı;
əmtəənin istehsal edildiyi və ya xidmətin göstərildiyi coğrafi obyektin hüdudları;
əmtəənin və ya xidmətin xüsusiyyətlərinin təsviri.
Ərizəyə aşağıdakılar qoşulur:
müəyyən edilmiş haqqın ödənildiyini təsdiq edən sənəd;
iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə onun səlahiyyətlərini təsdiq edən sənəd;
kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu nişanın aid ediləcəyi əmtəələrin və ya xidmətlərin siyahısı, onların vahid keyfiyyət və digər xüsusiyyətləri;
zəruri halda əmtəə nişanının bu Qanunun 10-cu maddəsinə uyğun ilkinliyini təsdiq edən sənəd;
iddiaçının göstərilən coğrafi obyektdə olması, şöhrəti, xüsusiyyəti başlıca olaraq coğrafi mənşəyindən irəli gələn əmtəəni istehsal etməsi və ya xidməti göstərməsi barədə sənəd və müvafiq icra hakimiyyəti orqanının rəyi;
əmtəənin mənşə ölkəsində xarici iddiaçının iddia etdiyi coğrafi göstərici üzərində hüququnu təsdiq edən sənəd.
Bu maddənin yeddinci hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Bu maddənin yeddinci hissəsində nəzərdə tutulan sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma ərizənin verildiyi tarixdən 2 ay ərzində təqdim edilir.
Əmtəə nişanının və coğrafi göstəricinin qeydə alınmasına dair ərizə iddiaçının istəyinə uyğun olaraq özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır.
Əmtəə nişanının və coğrafi göstəricisinin qeydə alınmasına dair ərizə Azərbaycan dilində verilir.
İddia sənədinə daxil olan digər sənədlər Azərbaycan dilində və ya başqa dillərdə verilə bilər. İddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsi iddia sənədinin verildiyi gündən 2 ay ərzində təqdim olunmalıdır.
Bu maddənin yeddinci və on ikinci hissələrində nəzərdə tutulan sənədlər müəyyənləşdirilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verilmədikdə (bu maddənin səkkizinci hissəsinin tələbləri nəzərə alınmaqla) və bu müddət başa çatanadək onun uzadılmasına dair əsaslandırılmış vəsatət təqdim edilmədikdə iddia sənədi verilməmiş sayılır. İddiaçının vəsatəti əsasında müəyyənləşdirilmiş müddət 2 aya qədər uzadılır.
Bu maddənin beşinci və altıncı hissələrində müəyyənləşdirilmiş tələblərə uyğun gələn ərizənin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarix iddia sənədinin verildiyi tarix sayılır.
İddia sənədlərinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.