Maddə 30.
Qeydə alınmış əmtəə nişanından və coğrafi göstəricidən istifadə edilmədikdə qeydiyyata xitam verilməsi
Əmtəə nişanının və coğrafi göstəricinin qeydə alındığı tarixdən fasiləsiz olaraq 5 il və ya istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurası qeydiyyata xitam verə bilər.
Apellyasiya şurasında ərizəyə dövlət rüsumunun ödənilməsi şərti ilə 3 ay ərzində baxılır. Ərizə barədə 2 həftə ərzində nişan sahibinə bildiriş göndərilir.
İstənilən şəxsin, əmtəə nişanı sahibinin, onun lisenziatının, coğrafi göstəriciyə dair şəhadətnamə sahibinin ərizəyə baxılmasında iştirak etmək hüququ vardır.
Qeydə alınmış əmtəə nişanından və coğrafi göstəricidən istifadə olunmaması ilə əlaqədar qeydiyyata xitam verilməsi məsələsinə baxılarkən nişan sahibinin həmin nişandan özündən asılı olmayan səbəblərə görə istifadə etmədiyinə dair gətirdiyi dəlillər, o cümlədən istifadəsinə təsir edən idxal məhdudiyyətləri və ya ona aid olan əmtəə və xidmətlər üzrə hökumətin digər tələbləri nəzərə alına bilər.
Əmtəə nişanından istifadə halının sübutu əmtəə nişanının sahibinin üzərinə düşür.
Apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər.
Vahid keyfiyyət və başqa xüsusiyyətləri olmayan əmtəələrdə və göstərilən xidmətlərdə kollektiv nişandan istifadə edildikdə maraqlı hüquqi və ya fiziki şəxsin ərizəsinə əsasən onun qeydiyyatına məhkəmə qaydasında vaxtından əvvəl tamamilə və ya qismən xitam verilə bilər.
Qeydiyyata xitam verilməsi barədə məlumat rəsmi bülletendə dərc edilir.