Maddə 29.
Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması
Əmtəə nişanı və coğrafi göstərici bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər.
Maraqlı şəxs göstərilən müddətlərdə Apellyasiya komissiyasına qeydiyyata qarşı əsaslandırılmış etiraz təqdim edə bilər. Etiraza onun daxil olduğu tarixdən 2 ay ərzində baxılmalıdır. Etiraz vermiş şəxsin, habelə qeydə alınmış nişan sahibinin Apellyasiya komissiyasında etiraza baxılmasında iştirak etmək hüququ vardır.
Apellyasiya komissiyasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər.
Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir:
əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə;
əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə.
Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər.
Coğrafi göstəricinin qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir:
coğrafi məkanda təbiət amilləri dəyişdiyi halda;
coğrafi göstəricidən istifadə edildiyi əmtəə ona aid olan xüsusi keyfiyyətlərini itirdiyi halda.
Azərbaycan Respublikasında geniş tanınmış əmtəə nişanına hüquq bu Qanunun 7-ci maddəsinin tələbləri pozulmaqla verilmişsə, habelə həmin maddədə müəyyən edilən əlamətlərə görə geniş tanınmış əmtəə nişanı qüvvəsini itirmişsə, qüvvədə olduğu müddət ərzində ona qarşı verilmiş etiraz əsasında tamamilə və ya qismən geniş tanınmış kimi etibarsız hesab edilə bilər.
Bu maddənin müddəalarına əsaslanaraq istənilən şəxs dövlət rüsumu ödəmək şərti ilə, əmtəə nişanının və ya coğrafi göstəricinin qeydiyyatının və ya coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin ləğv edilməsinə dair tələblə və ya geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət edə bilər. Müraciətə 3 ay ərzində baxılmalıdır. Müraciət edən şəxsin, habelə qeydə alınmış nişan sahibinin Apellyasiya şurasında işə baxılmasında iştirak etmək hüququ vardır. Apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər.