Maddə 28.

Əmtəə nişanına dair hüquqların verilməsi

Əmtəə nişanının sahibi əmtəə nişanından istifadə hüququnu lisenziya müqaviləsi, əmtəə nişanına dair hüququ isə müqavilə əsasında həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi barədə başqa şəxsə verə bilər. Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsi haqq, əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilə isə dövlət rüsumu ödənilmək şərti ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda qeydə alınır və onların barəsində məlumatlar rəsmi bülletendə dərc olunduqdan sonra başqa şəxslərin hüquqa zidd hərəkətlərinə tətbiq olunur.
Əmtəə nişanına dair hüququn verilməsi əmtəə nişanının qeydə alınması üçün təqdim olunan iddia sənədinə də aid edilə bilər. Bu halda əmtəə nişanının yeni sahibinin hüququ iddia sənədinin verildiyi gündən qüvvədə olur. Əmtəə nişanına dair hüququn verilməsi əmtəə, xidmət və istehsalçı barədə istehlakçıda yanlış təsəvvür yaratmamalıdır.
Hər hansı ittifaqın, assosiasiyanın, birliyin adına kollektiv nişan qeydə alına bilər və bu nişana, eləcə də ondan istifadəyə dair hüquq başqa şəxsə onların bütün üzvlərinin razılığı ilə verilə bilər.
Lisenziya müqaviləsi əmtəə nişanı sahibinin (lisenziarın) nişandan istifadə hüququnun başqa şəxsə (lisenziata) verilməsi barədə sənəddir. Bu müqavilə yalnız qeydə alınmış əmtəə nişanına aiddir və qeydiyyatda göstərilən əmtəələr və xidmətlər barəsində qüvvədə olur.
Lisenziya müqaviləsinin qeydiyyatı barədə ərizə və sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma təqdim edilir. Lisenziyanın qeydiyyatı üçün verilən sənədlərə baxılarkən, ərizədə və ya hər hansı materialda göstərilənlərin təsdiqi üçün əlavə sənəd tələb oluna bilər. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır: lisenziyanın növü (müstəsna, qeyri-müstəsna və ya yeganə); lisenziyanın qüvvədə olma müddəti; lisenziyanın istifadə olunduğu ərazi. Lisenziya müqavilələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən “Müqavilələrin qeydiyyatı Qaydaları”na uyğun həyata keçirilir.
Lisenziya müqaviləsinə görə lisenziatın əmtəəsinin və ya xidmətinin keyfiyyəti lisenziarınkindən aşağı olmamalı və lisenziar bu şərtin yerinə yetirilməsinə nəzarət etməlidir.
Lisenziya müqaviləsinə əmtəənin və ya xidmətin keyfiyyəti barədə sənəd əlavə edilir.
Qeydə alınmış lisenziya müqaviləsində dəyişikliklər tərəflərin razılığı ilə edilir.
Qeydə alınmış lisenziya müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ləğv oluna bilər.
Əmtəə nişanına dair lisenziya müqaviləsinin məcburi bağlanmasına yol verilmir.
Coğrafi göstəricidən istifadə hüququ olan şəxs bu hüququn verilməsinə və ondan istifadəyə dair lisenziya müqaviləsi bağlaya bilməz.
Qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqlar müqavilə əsasında başqa şəxsə girov kimi verilə bilər.
Girov müqaviləsi haqq ödəmək şərti ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda qeydiyyata alınır. “Girov müqaviləsinin qeydiyyatı Qaydaları” müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
IV fəsil
ƏMTƏƏ NİŞANLARININ VƏ COĞRAFİ GÖSTƏRİCİLƏRİN HÜQUQİ MÜHAFİZƏSİNİN XİTAMI

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.