Maddə 26.
Əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadə
Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır.
Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır.
Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir.
Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır.
Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər.
Kollektiv nişanın sahibləri kollektiv nişanla yanaşı əmtəə və ya xidmətlərə dair özlərinin əmtəə nişanından da istifadə edə bilərlər.
Eyni coğrafi göstəricidən istifadə edildikdə, istehlakçını yanıldan halların baş verməməsi üçün nişanlar təsviri elementlər və əsl coğrafi mənşəni aydın formada göstərən işarələrlə müşayiət olunmalıdır.
Coğrafi göstəricinin birinci qeydiyyat tarixinə qədər eyni və ya ona oxşar olan coğrafi göstəricidən vicdanla istifadə edən şəxs istifadə hüququnu özündə saxlayır.
Əmtəənin və ya göstərilən xidmətin əsas xüsusiyyətləri, o cümlədən əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsinə nəzarət, əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması barədə qərar verən və əmtəə nişanının (coğrafi göstəricinin) qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir.