Maddə 17.
Əmtəə nişanları və coğrafi göstəricilərin Dövlət reyestrində qeydə alma
Ekspertizanın qərarına və Apellyasiya şurasının etirazla bağlı müsbət qərarına əsasən, habelə bu Qanunun 14-cü maddəsinin altıncı hissəsinə uyğun olaraq 1 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum əmtəə nişanını və coğrafi göstəricini əmtəə nişanları və coğrafi göstəricilərin Dövlət reyestrində (bundan sonra — “reyestr” adlandırılacaq) qeydə alır.
Reyestrə əmtəə nişanının şəkli, ilkinliyi, sahibi haqqında məlumat, qeydə alındığı tarix, Nitsa təsnifatının sinifləri üzrə əmtəələrin və ya xidmətlərin qruplaşdırılmış siyahısı daxil edilir. Reyestrə əmtəə nişanının qeydə alınması, qeydiyyatın qüvvədə olma müddətinin uzadılması, qeydiyyatın ləğvinə dair məlumat və sonrakı dəyişikliklər daxil edilir. Reyestrdə kollektiv nişan qeydə alınarkən ondan istifadə hüququ olanlar barəsində məlumat da əlavə olunur.
Reyestrə coğrafi göstəricinin şəkli, ondan istifadə hüququ alan şəxsə dair məlumat, əmtəənin xüsusi xassələrinin təsviri, qeydə alındığı tarix və onun qüvvədə olma müddətinin uzadılmasına aid məlumat və sonrakı dəyişikliklər daxil edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum reyestr məlumatlarından çıxarışı haqq ödənildikdən sonra verir.
Dövlət reyestrlərinin aparılma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.