Maddə 15.
İddia sənədinə dair qərara etiraz
İddiaçı əmtəə nişanına və ya coğrafi göstəriciyə dair iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda dövlət rüsumu ödəmək şərti ilə qərarı aldığı tarixdən 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Apellyasiya şurasına etiraz verə bilər.
Apellyasiya şurası etirza daxil olduğu tarixdən 3 ay ərzində baxır.
Bu Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə uyğun olaraq oxşar əmtəə nişanının sahibinin razılıq məktubu və ya başqa razılaşma sənədi əmtəə nişanının ekspertizası mərhələsində, ekspertiza nəticəsində rədd qərarı qəbul edildikdə isə, Apellyasiya şurasında nəzərə alına bilər.
İddiaçının və ya patent müvəkkilinin Apellyasiya şurasında iddiaya baxılmasında iştirak etmək və çıxarılmış qərarın materialları ilə tanış olmaq hüququ vardır.
İddiaçı Apellyasiya şurasının qərarını aldığı tarixdən 3 ay ərzində həmin qərardan məhkəmə qaydasında şikayət edə bilər.