Maddə 14.

Əmtəə nişanlarının və coğrafi göstəricilərin ekspertizası

Əmtəə nişanının ekspertizası ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır. İddia edilən nişanın ekspertizası gedişində bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına, 4-cü, 5-ci və 6-cı maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğu yoxlanılır və onun ilkinliyi müəyyənləşdirilir.
Coğrafi göstəricinin ekspertizası bu Qanunun 1-ci maddəsində verilmiş “coğrafi göstəricisi” anlayışına və 8-ci maddəsində göstərilən tələblərə uyğun 2 ay ərzində aparılır.
Ekspertizaların nəticələrinə əsasən əmtəə nişanını və ya coğrafi göstəricinin qeydə alınmasına və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edilir.
Ekspertizanın nəticəsi barədə qərar 10 gün müddətində iddiaçıya göndərilir. İddiaçı ekspertiza qərarında göstərilən sənədlərlə tanış ola bilər. İddiaçı iddia sənədi üzrə qərarı aldıqdan sonra 1 ay ərzində həmin sənədlərin surətini tələb edə bilər.
İddia edilən nişan üzrə ekspertizanın nəticəsi əsasında rədd qərarı qəbul etməzdən əvvəl bu barədə müvafiq bildiriş iddiaçıya göndərilir. İddiaçı ekspertizanın nəticəsi ilə razı olmadıqda razılaşmadıqda, bildiriş aldığı tarixdən 2 ay ərzində öz dəlillərini ekspertizanı aparan tərəfə təqdim edə bilər.
Əmtəə nişanının qeydiyyat tarixinə qədər həmcins əmtəələr və ya xidmətlərlə eyni, yaxud onlarla qarışdırılacaq dərəcədə oxşar və başqa şəxsə aid olan əmtəə nişanına dair iddia sənədi, bu Qanunun 10-cu maddəsinə uyğun olaraq, daha əvvəl ilkinliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu halda, onun qeydiyyatına yenidən baxıla bilər.
Qeydə alınması haqqında qərar qəbul edildikdə iddiaçı 4 ay ərzində dövlət rüsumunu ödədikdən sonra əmtəə nişanları və ya coğrafi göstəricilər qeydə alınır, onlara dair məlumat dərc edilir və şəhadətnamə verilir. İddiaçı müəyyən edilən müddət ərzində dövlət rüsumunu ödəmədikdə, əlavə haqq ödəmək şərti ilə ona əlavə olaraq 4 ay möhlət verilir. Bu şərtlər yerinə yetirilmədiyi halda, ekspertizanın qərarı ləğv edilmiş sayılır və iddia sənədi geri çağırılmış hesab edilir.
Bu Qanunun 9-cu maddəsinə uyğun verilən iddia sənədinin ekspertizası iddiaçının vəsatəti əsasında 1 ay ərzində keçirilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.