Maddə 11.
Əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin ekspertizası
Əmtəə nişanı və coğrafi göstərici barəsində iddia sənədinin ekspertizası bu Qanuna və müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara uyğun olaraq ilkin ekspertizadan və ekspertizadan ibarət olmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir.
İddia sənədinin ekspertizasının aparıldığı dövrdə ona dair qərar qəbul edilənədək iddiaçı müəyyənləşdirilmiş müəyyən edilmiş haqqı ödəyərək öz təşəbbüsü ilə iddia sənədinin materiallarını tamamlaya, dəqiqləşdirə və ona düzəliş edə bilər.
Əlavə materiallar qeydiyyata verilmiş nişanın mahiyyətini dəyişirsə və ya iddia sənədində göstərilən əmtəələrin və xidmətlərin siyahısına onlarla həmcins olmayan əmtəələri və ya xidmətləri daxil edirsə, həmin materiallar baxılmağa qəbul olunmur və iddiaçı tərəfindən müstəqil iddia sənədi kimi rəsmiləşdirilə bilər.
İddiaçı tərəfindən və ya onun xahişi ilə iddia sənədi sadalanan əmtəələrin və xidmətlərin bölünməsi yolu ilə bir neçə iddia sənədinə ayrıla bilər. Ayrılmış iddia sənədləri ilk iddia sənədinin verildiyi tarixi və iddia edilmiş əmtəə nişanının ilkinliyini saxlayır.
Ekspertizanın aparıldığı dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum iddiaçıdan ekspertiza üçün zəruri olan əlavə sənəd tələb edə bilər.
Ekspertizanın tələbinə əsasən əlavə sənəd tələbin alındığı tarixdən 2 ay ərzində təqdim edilməlidir. Bu müddət iddiaçının vəsatəti əsasında 2 ay müddətinə uzadıla bilər. İddiaçı göstərilən müddəti pozarsa və ya ekspertizanın tələbinə cavab verməzsə, iddia sənədi verilməmiş sayılır və bu barədə iddiaçıya bildiriş göndərilir.