Maddə 8.
Yerli vergilər (bələdiyyə vergiləri)
8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır:
8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;
8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi;
8.1.3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.
8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.