Maddə 78.
Vergi öhdəliklərinin yerinə yetirilməsi
78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
78.2. Vergi öhdəliklərinin yerinə yetirilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilir.
78.3. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir.
78.4. Vergi öhdəliklərinin yerinə yetirilməsi əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs istisna olmaqla, digər şəxsin üzərinə qoyula bilməz. Bu maddənin məqsədləri üçün faydalanan şəxs əmtəəsiz əməliyyat aparmaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, o cümlədən əmtəəsiz əməliyyat aparmaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya əmtəəsiz əməliyyat aparmaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxsdir.
Bu Məcəllənin 85.9-1.2-ci maddəsinə uyğun olaraq zamin duran vergi ödəyicisi tərəfindən vergi borcunun ödənilməsinə möhlət verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsi vergi öhdəliyinin digər şəxsin üzərinə qoyulması hesab edilmir və zamin tərəfindən vergi borcu olan şəxsin vergi öhdəliyinin yerinə yetirilməsi zamin vergi ödəyicisinin vergi öhdəlikləri ilə bağlı ödəmələrinə aid edilmir.