Maddə 77.

Vergi öhdəliyi

 
77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
77.2. Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir.
77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
77.4 Vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur:
77.4.1. verginin ödənilməsi;
77.4.2. verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda, habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə;
77.4.3. vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir;
77.4.4. bu Məcəlləyə müvafiq olaraq ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən büdcə ilə (büdcədənkənar fondlarla) bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə.
77.4.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda.
77.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.
77.6. Bu Məcəllənin 77.5-ci maddəsi 2019-cu il yanvarın 1-dək istismar edilən nəzarət-kassa aparatını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı ilə əvəz edən vergi ödəyicilərinə şamil edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən həddən artıq olan məbləğ vergi ödəyicisi tərəfindən ödənilir.
77.7. Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər bu maddə ilə müəyyənləşdirilmiş qaydada vergi öhdəlikləri ilə əvəzləşdirilmir:
77.7.1. nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixinədək quraşdırıldıqda;
77.7.2. nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab vermədikdə;
77.7.3. nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.