Maddə 71-1.
Elektron qaimə-fakturaları
71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir:
71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt;
71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində;
71-1.1.3. işlərin görülməsi və xidmətlərin (beynəlxalq daşıma xidmətləri, habelə müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər istisna olmaqla) göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində;
71-1.1.3-1. beynəlxalq daşıma xidmətlərinin göstərilməsi üzrə – daşıma xidmətlərinin başlanıldığı vaxtadək;
71-1.1.3-2. müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər üzrə – hər təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt;
71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində;
71-1.1.5. bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda–avansın alındığı vaxtadək.
71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
71-1.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
71-1.3-1. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
71-1.4. Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir:
71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;
71-1.5.2. malların qaytarılması barədə;
71-1.5.3. malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən verilən;
71-1.5.4. malların (işlərin, xidmətlərin) vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə;
71-1.5.5. agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) alıcısına (subagentə) təqdim edilən;
71-1.5.6. agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) vəkalət verənə (komitentə) qaytarılması barədə;
71-1.5.7. malların emala, yaxud saxlamaya verilməsi barədə;
71-1.5.8. emal prosesi keçmiş, yaxud saxlamaya verilmiş malların qaytarılması barədə;
71-1.5.9. bu Məcəllənin 177.5-ci maddəsinə əsasən verilən;
71-1.5.10. aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə;
71-1.5.11. ixrac qeydi ilə satış barədə.
71-1.5.12. alınmış avans ödənişləri barədə.
71-1.6. Bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-faktura aksizli malların istehsalçıları və ya idxalçıları tərəfindən tərtib edilir.
71-1.7. Agent (komisyonçu) tərəfindən malların (işlərin, xidmətlərin) subagentə verilməsi, habelə subagent tərəfindən malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi zamanı bu Məcəllənin 71-1.5.5-ci maddəsinə uyğun olaraq elektron qaimə-faktura tərtib edilir və müvafiq olaraq əməliyyatın subagentə ötürülməsi və subagent tərəfindən aparılması ilə bağlı qeyd aparılır.
71-1.8. Aksizli malların istehsalçısı tərəfindən aksizli malların istehsal binasının hüdudlarından ona məxsus digər təsərrüfat subyektlərinə (obyektlərinə), yaxud əvvəlcədən sifariş edilməyən əməliyyatlar üzrə nəqliyyat vasitələrinə buraxılışı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulmuş növdə elektron qaimə-faktura ilə rəsmiləşdirilir.