Maddə 57.
Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları
57.1. Hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
57.1-1. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü və beşinci abzaslarında nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməməyə görə – təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıq əməkhaqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
57.1-2. Bu Məcəllənin 16.9-cu maddəsində göstərilən hesabatın və (və ya) bildirişin müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim edilməməsinə görə vergi ödəyicisinə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
57.2. Bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
57.3. Bu Məcəllənin 23.1.2-ci və 23.1.2-1-ci maddələrində göstərilən sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, habelə bu Məcəllənin 16.1.4-2-ci maddəsində göstərilən məlumat formasının müəyyən edilmiş müddətdə təqdim edilməməsinə və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə, bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulan halda vergi hesabatı təqdim edilərkən vergi orqanının tələbi ilə maliyyə hesabatlarının təqdim edilməməsinə, eləcə də bu Məcəllənin 16.1.11-17-ci maddəsində göstərilən məlumat formasının müəyyən edilmiş müddətdə təqdim edilməməsinə və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə, o cümlədən vergi orqanlarının bu Məcəllənin 42.4-cü maddəsinə əsasən edilmiş müraciətinin həmin maddədə göstərilən müddətdə icra edilməməsinə, habelə sənədlərin və ya məlumatların bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş 5 ildən az olmayan müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
57.4. Bu Məcəllənin 16.1.4-cü və 16.1.4-3-cü maddələrində göstərilən arayışları müəyyən edilən müddətlərdə təqdim etməyən və ya arayışlarda düzgün olmayan məlumatlar göstərən və bu Məcəllənin 16.1.4-1-ci maddəsində göstərilən sənədləri və məlumatları vergi orqanının tələbi ilə 60 gün müddətində təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
57.5. İdxal edilmiş mallar barədə bu Məcəllənin 16.1.11-11-ci maddəsində göstərilən məlumatları həmin maddədə nəzərdə tutulan formada və qaydada təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
57.6. Bu Məcəllənin 16.10-cu maddəsində nəzərdə tutulan kreditor və debitor borclar barədə məlumat formasının təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
57.7. Bu Məcəllənin 16.11-ci maddəsində nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
57.8. Bu Məcəllənin 16.1.11-13-cü maddəsində göstərilən məlumatları müəyyən edilən müddətdə təqdim etməyən və ya təhrif olunmuş məlumatları təqdim edən taksi sifarişi operatorlarına 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.