Maddə 36.

Vergi yoxlamaları, üfüqi monitorinq və maliyyə institutlarında vergi monitorinqi

 
36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər.
36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.
Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Bu hərəkətlər üçün vergi orqanının əsaslandırılmış qərarı olmalıdır.
Bu zaman tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur.
36.3-1. Vergi ödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı bu maddə ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr və (və ya) vergi növləri aşağıdakı hallarda artırıla bilər:
36.3-1.1. vergi ödəyicisinin müraciəti əsasında;
36.3-1.2. keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda;
36.3-1.3. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda;
36.3-1.4. mənfəət, gəlir, əmlak və torpaq vergilərinin biri və ya bir neçəsi üzrə vergi hesabatının təqdim edilməsi müddəti səyyar vergi yoxlamasının davam etdiyi müddətdə başa çatdıqda.
36.4. Vergi ödəyicisi olan hüquqi şəxslərin ləğvi və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti ilə bağlı və bu Məcəllənin 38.3-cü maddəsində göstərilən hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır.
36.5. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar vergi yoxlamasının keçirilməsini tələb edə bilərlər. Bu halda növbədənkənar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz.
36.6. Vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən vergi yoxlamaları üzrə məhkəməyə müraciət etmək hüququ vardır.
36.6-1. Vergi orqanı üfüqi monitorinqə qəbul edilmiş vergi ödəyicilərinin fəaliyyəti üzrə bu Məcəllənin 38-1-ci maddəsində nəzərdə tutulan qaydada üfüqi monitorinq keçirir. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicilərində monitorinqlə əhatə olunan hesabat dövrləri üzrə səyyar (bu Məcəllənin 38.3.2-ci, 38.3.5-ci, 38.3.6-cı və 38.3.10-cu maddələrində nəzərdə tutulan hallar istisna olmaqla) və kameral vergi yoxlamaları keçirilmir.
36.7. Vergi orqanı vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini təmin etmək məqsədilə maliyyə institutlarında vergi monitorinqi apara bilər.
36.8. Maliyyə institutlarında vergi monitorinqinin aparılması, nəticələrinin rəsmiləşdirilməsi, sənədlərin tələb edilməsi və materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması, o cümlədən maliyyə sanksiyasının tətbiqi bu Məcəllənin 36-49-cu maddələrində nəzərdə tutulan qaydada həyata keçirilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.