Maddə 35.

Vergi ödəyicilərinə hesabların açılması

 
35.1. Vergi ödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank və digər ödəniş hesablarını açmaq və aparmaq hüququ olan kredit və elektron pul təşkilatlarına və poçt rabitəsinin milli operatoruna (bundan sonra - bank əməliyyatları aparan şəxslərə) müraciət etdikdə bank əməliyyatları aparan şəxslər vergi ödəyicilərinə hesablar açır (qanunla hesabın açılmasından imtinaya əsas verən hallar nəzərə alınmaqla) və açılmış hesabların (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) vergi orqanında qeydiyyata alınması üçün forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərir.
35.2. Açılmış hesab daxil olmuş məlumat əsasında vergi orqanı tərəfindən real vaxt rejimində avtomatlaşdırılmış qaydada qeydiyyata alınır və bu barədə bank əməliyyatları aparan şəxslərə qeydiyyat bildirişi göndərilir. Qeydiyyat bildirişi daxil olanadək bank əməliyyatı aparan şəxslər tərəfindən hesab üzrə məxaric əməliyyatlarının aparılması qadağandır.
35.3. Adına hesab açılmış vergi ödəyicisinin dövlət büdcəsinə və büdcədənkənar fondlara vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduğu və bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilən müddət bitdiyi halda vergi orqanı tərəfindən hesabın qeydiyyata alınmasına dair bildirişlə yanaşı eyni gündə həmin hesab üzrə bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq sərəncam da göndərilir və bildirişdə bu barədə qeyd edilir.
35.4. Hesab üzrə vergi orqanının sərəncamının göndəriləcəyi barədə qeyd olan hesab üzrə bank əməliyyatı aparan şəxslər tərəfindən həmin hesab üzrə vergi orqanının sərəncamı daxil olanadək sərəncamda göstərilən məbləğin 105 faizi həcmində məxaric əməliyyatlarının aparılması məhdudlaşdırılır. Bank əməliyyatlarını aparan şəxslər tərəfindən vergi orqanının sərəncamı daxil olanadək hesabdan məxarici məhdudlaşdırılan vəsaitdən artıq olan pul vəsaiti olduğu halda həmin artıq pul vəsaitinin hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Həmin hesaba vergi orqanının sərəncamı daxil olduqdan sonra hesab üzrə əməliyyatlar qanunla nəzərdə tutulmuş qaydalara və növbəliliyə riayət edilməklə icra edilir.
35.5. Vergi ödəyicilərinə məxsus hesabların bank əməliyyatı aparan şəxslərin özü, filial və ya struktur bölmələri arasında köçürülməsi zamanı bank əməliyyatı aparan şəxslər köçürülən hesablar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada məlumatı hesabın köçürüldüyü tarixdən 1 iş günü müddətində elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.
35.6. Vergi ödəyicilərinə məxsus hesablar bank əməliyyatı aparan şəxslər tərəfindən bağlandıqda həmin şəxslər bu barədə məlumatı hesabın bağlandığı tarixdən 1 iş günü müddətində elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.
35.7. Bank əməliyyatlarını aparan şəxslər hüquqi və fiziki şəxslərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini təmin edirlər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.