Maddə 33.

Vergi ödəyicilərinin uçotu

 
33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, filial və nümayəndəliklər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar və xüsusi icra məmurları isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır.
Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir.
33.2. Bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır.
Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması yenidən uçota alınması və uçotdan çıxarılması bu Məcəllənin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir.
Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir.
Azərbaycan Respublikasının büdcə və qeyri-kommersiya təşkilatları olduğu yerdən kənarda yerləşən və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilər.
33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.
Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar.
33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir.
Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir.
Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.
Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.
33.5. Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir.
33.6. Vergi ödəyicisinin vergi uçotuna alınması yerinin müəyyən edilməsi ilə bağlı çətinliklər ortaya çıxdıqda, təqdim olunmuş məlumatlar əsasında yuxarı vergi orqanı tərəfindən qərar qəbul edilir.
33.7. Bu Məcəllənin 33.7.1-ci maddəsində göstərilən vergi ödəyicilərinin mərkəzləşdirilmiş qaydada uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.
33.7.1. Aşağıdakı vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınırlar:
33.7.1.1. təbii inhisar subyektləri;
33.7.1.2. xüsusi vergi rejimli müəssisələr;
33.7.1.3. aşağıdakı tələblərdən birinə cavab verən vergi ödəyiciləri:
33.7.1.3.1. işçilərin orta siyahı sayı 251 və ondan yuxarı olan;
33.7.1.3.2. balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5.000.000 manatdan yuxarı olan.
33.7.2. Bu Məcəllənin 33.7.1-ci maddəsində göstərilən vergi ödəyicilərinə eyniləşdirmə nömrələrinin verilməsi bu Məcəlləyə uyğun olaraq həyata keçirilir.
33.7.3. Olduqları yer üzrə vergi uçotuna alınmış şəxslər sonradan bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyicilərinə və ya xüsusi vergi rejimli müəssisələrə aid edildikdə, əvvəlki eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş qaydada uçota alınırlar.
33.7.4. Mərkəzləşdirilmiş qaydada uçota alınmış bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin) vergi uçotu bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
33.7.5. Olduqları yer üzrə vergi uçotuna alınmış hüquqi şəxslər xüsusi vergi rejimi üzrə fəaliyyətə başladığı gündən sonra 15 gün müddətində mərkəzləşdirilmiş qaydada uçota alınmaq üçün müvafiq vergi orqanına müraciət etməyə borcludurlar.
33.7.6. Xüsusi vergi rejimində fəaliyyət göstərən müəssisələrin mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması, xüsusi vergi rejimində fəaliyyətə başlaması və ya həmin fəaliyyəti dayandırması onların mərkəzləşdirilmiş qaydada uçotunu aparan müvafiq vergi orqanına ərizə ilə müraciət etdiyi gündən 15 gün müddətində həyata keçirilməlidir.
33.7.7. Bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyicilərinə aid edilən müəssisələrin olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər il may ayının 15-dək qərar qəbul edilir.
33.7.8. Bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyicilərinə aid edilən müəssisələrin mərkəzləşdirilmiş qaydada uçota alınması onların mərkəzləşdirilmiş qaydada uçota alınması barədə qərar qəbul edildiyi vergi ilindən sonrakı ilin yanvar ayında həyata keçirilir.
33.7.9. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hər il iyun ayının 15-dək olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınmış və ya mərkəzləşdirilmiş uçotdan çıxarılmış bu Məcəllənin 33.7.1.3-cü maddəsində göstərilən vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmış forma üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
33.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrə əsasən xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələrinin, habelə bu Məcəllənin 13.2.5.3-cü maddəsinə müvafiq olaraq idarəetmə yerinə görə rezident sayılan hüquqi şəxsin vergi orqanında uçota alınması aşağıdakı qaydada aparılır:
33.8.1. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respublikasında fəaliyyətə başladıqdan 30 gün müddətində, idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin müddəalarına əsasən idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 30 gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər.
33.8.2. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrin, habelə idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması üçün verilən ərizə xarici hüquqi şəxs və ya onun müvəkkil etdiyi şəxs tərəfindən imzalanmalıdır.
33.8.3. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrinin, habelə idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi orqanlarında uçota alınması üçün bu Məcəllənin 33.8-ci maddəsində göstərilənlərdən başqa digər sənəd və məlumatlar tələb olunmur.
33.8.4. Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrinin uçota alınması barədə verilən ərizəyə aşağıdakılar əlavə edilməlidir:
33.8.4.1. xarici hüquqi şəxsin qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və onun təsisçisi (təsisçiləri) olan xarici hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayı yolla paya malik fiziki şəxslər barədə məlumatın da daxil olduğu ticarət reyestrindən çıxarış;
33.8.4.2. xarici dövlətin rezidentinin səlahiyyətli orqanının Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin yaradılması haqqında qərarı;
33.8.4.3. təsis sənədləri;
33.8.4.4. rezidentliyi barədə vergi orqanları tərəfindən təsdiq edilmiş sənəd;
33.8.4.5. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər);
33.8.4.6. bölmənin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;
33.8.4.7. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr və gəlir mənbələri barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən forma üzrə məlumat.
33.8.5. İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs tərəfindən uçota alınma barədə verdiyi ərizəyə aşağıdakılar əlavə edilməlidir:
33.8.5.1. qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və onun təsisçisi (təsisçiləri) olan xarici hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayı yolla paya malik fiziki şəxslər barədə məlumatın da daxil olduğu ticarət reyestrindən çıxarış;
33.8.5.2. təsis sənədləri;
33.8.5.3. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər);
33.8.5.4. hüquqi şəxsin rəhbərinin (təmsilçinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;
33.8.5.5. Azərbaycan Respublikasında və digər ölkələrdə bilavasitə və ya dolayısı yolla nəzarətində olan qurumlar və gəlir mənbələri haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən forma üzrə məlumat.
33.8.6. bu Məcəllənin 33.8.4.1-33.8.4.4-cü, 33.8.5.1-ci və 33.8.5.2-ci maddələrində göstərilən sənədlər müvafiq icra hakimiyyəti orqanı və ya Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələri) tərəfindən leqallaşdırılır.
33.8.7. 33.8.4-cü və 33.8.5-ci maddələrdə göstərilən sənədlər Azərbaycan dilinə notariat qaydasında təsdiqlənən tərcümə ilə birgə ərizəyə əlavə edilir.
33.8.8. Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotundan çıxarılması və VÖEN-in ləğv edilməsi aşağıdakı hallarda həyata keçirilir:
33.8.8.1. xarici dövlətin rezidenti olan şəxs və ya daimi nümayəndəlik yaratmayan bölmə ləğv edildikdə;
33.8.8.2. daimi nümayəndəlik yaratmayan bölmənin fəaliyyəti daimi nümayəndəlik yaratdıqda.
33.8.9. İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotundan çıxarılması və VÖEN-in ləğv edilməsi aşağıdakı hallarda həyata keçirilir:
33.8.9.1. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin qeydiyyata alındığı (inkorporasiya) dövlətdə ləğv edildikdə;
33.8.9.2. idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin rezidentliyi dəyişildikdə.
33.8-1. Rezidentlərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
33.9. Yerli (bələdiyyə) vergilərinin ödəyicilərinin uçotu bələdiyyələrin vergi xidməti orqanı tərəfindən aparılır.
33.10. Vergi orqanı bu Məcəlləyə uyğun olaraq vergi ödəyicilərini uçota aldıqdan sonra 1 iş günü müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron formada məlumat verir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.