Maddə 227.

Azadolmalar

 
227.1. İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.
227.2. ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azaddır. Bu maddənin müddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir.
227.2-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır.
227.2-2. İnvestisiya təşviqi sənədini almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır.
227.2-3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır.
227.3. İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır.
227.4. Bu maddədə nəzərdə tutulan vergi azadolmaları aşağıdakı şərtlər daxilində tətbiq edilir:
227.4.1. istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir. Bu maddədə nəzərdə tutulan vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə Azərbaycan Respublikasının ərazisindən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir;
227.4.2. topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.
Həmin şəxslər malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazidən kənarda fəaliyyət göstərən şəxslərə təqdim etdikləri, o cümlədən Azərbaycan Respublikası ərazisindən ixrac etdikləri halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir;
227.4.3. turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir;
227.4.4. bu Məcəllənin 227.4.1 - 227.4.3-cü maddələrində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda da (Azərbaycan Respublikası ərazisi daxilində) eyni növ fəaliyyəti həyata keçirdiyi halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir;
227.4.5. bu Məcəllənin 227.4.1 - 227.4.3-cü maddələrində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənarda digər fəaliyyət növü həyata keçirdiyi halda işğaldan azad edilmiş ərazidə göstərilən fəaliyyətlə həmin ərazilərdən kənarda göstərilən digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.
227.5. Bu maddədə nəzərdə tutulan vergi azadolmaları işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.