Maddə 226.

Vergitutma ilə bağlı ümumi müddəalar

 
226.1. Bu fəsil işğaldan azad edilmiş ərazilərdə həmin ərazinin rezidentlərinə verilən vergi azadolmaları, həmin azadolmaların tətbiq edildiyi subyektlərin və əməliyyatların dairəsi ilə bağlı məsələləri tənzimləyir. İşğaldan azad edilmiş ərazilərdə vergitutma ilə bağlı bütün digər məsələlər bu Məcəllənin I - XVII fəsillərinə uyğun olaraq tənzimlənir.
226.2. Bu fəslin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.
226.3. Bu fəsildə müəyyən edilən vergi azadolmaları aşağıdakı fəaliyyət növləri və əməliyyatlara şamil edilmir:
226.3.1. maliyyə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət;
226.3.2. avtonəqliyyat vasitələri ilə yük daşıma xidmətləri;
226.3.3. dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi.
226.4. Bu fəslin müddəaları (bu Məcəllənin 227.2-ci maddəsi istisna olmaqla) Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil edilir. Bu Məcəllənin 227.1-ci və 227.3-cü maddələrində nəzərdə tutulan vergi azadolmaları Naxçıvan Muxtar Respublikasının rezidentlərinə münasibətdə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir.
Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə, Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.