Maddə 220.

Sadələşdirilmiş verginin dərəcəsi

 
220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır.
220.1-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) 8 faiz dərəcə ilə, əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6 faiz dərəcə ilə hesablanır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.
220.1-1.1. ticarət fəaliyyəti üzrə — 6 faiz;
220.1-1.2. ictimai iaşə fəaliyyəti üzrə — 8 faiz.
220.2. Bakı şəhəri istisna olmaqla, Azərbaycan Respublikasının digər şəhər və rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən vergi ödəyicilərinə bu regionlar üzrə müəyyən edilmiş vergi dərəcəsi o halda tətbiq edilir ki, vergi ödəyiciləri özünün istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar.
220.3. Azərbaycan Respublikasının şəhər və rayonlarında, Naxçıvan Muxtar Respublikasında vergi uçotuna alınmış, lakin Bakı şəhərində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyiciləri vergini Bakı şəhəri üzrə müəyyən olunmuş vergi dərəcəsi ilə ödəyirlər.
220.4. Müxtəlif vergi dərəcələri ilə vergiyə cəlb edilən gəlirlər üzrə uçot ayrı-ayrılıqda aparılmalıdır. Belə uçot aparılmadıqda, ən yüksək vergi dərəcəsi tətbiq edilir.
220.5. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir:
 
Daşınma növü Sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidi Sadələşdirilmiş verginin aylıq məbləği (manatla)
Sərnişin daşınması (taksi istisna olmaqla), oturacaq yerlərinin sayına görə: 1 oturacaq yeri üçün 1,8
Taksi ilə sərnişin daşınması 1 ədəd nəqliyyat vasitəsi üçün 9,0
Yük daşınması yükgötürmə qabiliyyəti üçün (hər tona) 1,0
 
220.6. Sərnişin daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, sərnişin və yük daşıyan vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi bu Məcəllənin 220.5-ci maddəsində göstərilən sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:
220.6.1. Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında - 2,0;
220.6.2. Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (bu Məcəllənin 220.6.1-ci maddəsində göstərilənlər istisna olmaqla) - 1,5;
220.6.3. Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (bu Məcəllənin 220.6.1-ci və 220.6.2-ci maddələrində göstərilənlər istisna olmaqla) - 1,0.
220.7. Avtomobil nəqliyyatı vasitələrində (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir.
Avtomobil nəqliyyatı vasitələrindəki (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilmədikdə həmin göstəricilər müvafiq icra hakimiyyəti orqanı tərəfindən vergi orqanlarına verilmiş arayışlar əsasında müəyyən edilir. Oturacaq yerlərinin sayını avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsi və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışlar əsasında müəyyən etmək mümkün olmadıqda sadələşdirilmiş verginin məbləği yerlərin faktiki sayına görə müəyyən edilir.
220.8. Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır.
Bu Məcəllənin 218.4.5-ci maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 206.3-cü maddəsində nəzərdə tutulmuş torpaq sahələrinin hər kvadratmetri üçün 0,5 manat olmaqla, bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Kənd təsərrüfatı təyinatlı torpaqlara görə sadələşdirilmiş vergi hesablanarkən bu maddə ilə müəyyən olunmuş torpaq sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq olunmur.
Bu Məcəllənin 218.4.5-ci maddəsində göstərilən şəxslər üçün kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 206.1-1-ci maddəsinə uyğun olaraq hesablanmış torpaq vergisinin 2 misli məbləğində hesablanır.
220.8.1. Bina və torpaq sahəsi Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, aşağıdakı əmsallar tətbiq olunur:
 
Zonalar Yaşayış və qeyri-yaşayış sahələrinin və torpağın yerləşdiyi ərazi üzrə əmsal
1 4,0
2 3,0
3,4 2,2
5,6 1,8
7,8,9 1,5
10,11,12 1,2
 
220.8.2. Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,5;
220.8.3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,2;
220.8.4. digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 0,3.
220.8-1. Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.
220.8-2. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqları təqdim edən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsinin ikinci abzası ilə hesablanmış məbləğə Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində 1,5 əmsal, Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində 1,3 əmsal, Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1,2 əmsal və digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 1,1 əmsal tətbiq edilməklə hesablanır.
220.9. İdman mərc oyunlarının operatoru tərəfindən idman mərc oyunları biletlərinin satışından əldə edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman mərc oyunlarının satıcısı tərəfindən isə idman mərc oyunlarının operatorunun ona verdiyi haqdan (mükafatdan) 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.
220.9-1. lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin satışından əldə edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, lotereya biletlərinin satıcısı tərəfindən isə lotereya təşkilatçısının ona verdiyi haqdan (mükafatdan) 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.
220.10. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir:
 
Fəaliyyət növünün adı Sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ (manatla)
Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət 20
Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət 15
Çəkməçi, pinəçi 5
Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri 10
Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) 10
Nəqqaşlıq emalatxanalarının fəaliyyəti 20
Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər 15
Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər 10
Fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər 20
 
220.11. Bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:
220.11.1 Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
220.11.2. Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;
220.11.3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;
digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5;
220.12. Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank və digər ödəniş hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.