Maddə 212.
Yol vergisinin tutulması
212.1. Bu Məcəllənin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, Azərbaycan Respublikasının gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) əməliyyat günü ərzində dövlət büdcəsinə köçürülür.
212.2. İllik yol vergisinin bu Məcəllənin 212.4-cü maddəsində göstərilən qaydada ödənildiyini təsdiq edən sənədlər təqdim edilmədikdə avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtonəqliyyat vasitələrinin qeydiyyatı, yenidən qeydiyyatı və texniki baxışı keçirilmir.
212.3. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.
212.4. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslər illik yol vergisini avtomobillər texniki baxışdan keçən zaman dövlət büdcəsinə ödəyirlər.
212.5. Avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı hər rüb hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq yeni qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələri barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
212.6. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə yol vergisindən azaddır:
212.6.1. dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;
212.6.2. xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.