Maddə 207.

Torpaq vergisindən azadolmalar və güzəştlər

 
207.1. Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir:
207.1.1. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
207.1.2. Dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
207.1.3. fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar;
207.1.4. dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.
207.2. Bu Məcəllənin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.
207.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 10 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar. Bu maddədə nəzərdə tutulan güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərə də tətbiq edilir.
207.3-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı torpaqlara görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.
207.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının və sənaye məhəllələrinin idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud texnologiyalar parklarının və sənaye məhəllələrinin ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini ödəməkdən azaddır.
207.5. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.
207.6. KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azad edilirlər.
207.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırdığı torpağa görə 2019-cu il yanvarın 1-dən 12 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.
207.8. Geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisi müvafiq təsdiqedici sənədlər (geoloji-kəşfiyyat işlərini həyata keçirən şəxsin podrat müqaviləsi, geoloji-kəşfiyyat planı, geoloji-kəşfiyyatla bağlı təqdim edilən hesabat) əsasında faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə başlanıldığı təqvim ili üzrə 75 faiz azaldılır. Bu maddənin müddəaları eyni vergi ilində geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən və istismar edilərək faydalı qazıntılar çıxarılan torpaq sahələrinə münasibətdə tətbiq edilmir.
207.9. Kredit təşkilatları məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müflis elan olunduğu halda kredit təşkilatının müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi ildən etibarən torpaq vergisini ödəməkdən azaddırlar.
207.10. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan torpaqlara görə müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.
207.11. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 2023-cü il 1 yanvar tarixindən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus hüquqi şəxslər özəlləşdirilməsi barədə qərarın qəbul edildiyi ildən etibarən özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, torpaq vergisini ödəməkdən azaddırlar.
207.12. Kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən torpaqlara görə həmin torpaqların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.
207.13. Dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş və ya layihə şirkəti olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər müvafiq olaraq “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsində və ya “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq həmin layihələr çərçivəsində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azaddırlar.
207.14. Qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və teatr, muzey, simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisələri və film prodüserləri həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə 2025-ci il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.