Maddə 194.
Aksizli mallar üzərində vergi nəzarəti
194.1. Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı olan malların siyahısı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Aksiz markalarının hazırlanması, onların vergi ödəyicilərinə verilməsi və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir. Belə aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır.
194.1-1. Bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulan qaydaların tələblərini pozan şəxs bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.
194.1-2. Aksiz markasının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
194.2. Vergi orqanları markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyiciləri tərəfindən bu Məcəllədə müəyyən edilmiş tələblərin pozulması hallarını müəyyən etdikdə, vergi ödəyicilərinin müvafiq binalarında və ya anbarlarında (şəxsi istehlak üçün anbarlar istisna olmaqla) nəzarət postları, ölçü cihazları, plomblar qurmaqla və digər tədbirləri görməklə aksizli malların uçota alınmadan, markalanmadan elektron qaimə-faktura təqdim edilmədən və bu Məcəllənin 191.2-ci maddəsində nəzərdə tutulan hallarda və müəyyən edilmiş prosedura uyğun olaraq aksizləri ödəmədən istehsal binasının hüdudlarından kənara çıxarılmasının qarşısının alınmasını təmin etməyə səlahiyyətlidir.
194.2.1. Nəzarət postları müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən telefon və digər zəruri avadanlıqla təchiz edilməklə markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicilərinin istehsal sahələrinin əsas giriş və çıxış qapısının yaxınlığında yaradılır.
194.2.2. Nəzarət postları yaradıldıqda markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicilərinin texnoloji avadanlıqlarının, ölçü vasitələrinin və laboratoriya cihazlarının texniki sazlığının, standartlara uyğunluğunun yoxlanılması və həmin cihazların plomblanması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
194.2.3. Nəzarət postlarının işçiləri aksiz markalarının qalıqlarını inventarizasiya etməklə, istehsal həcmi üzrə nəzarət-ölçü cihazlarını, xammal, material və hazır məhsul anbarlarını, istehsal sahələrindəki texnoloji avadanlıqları plomblamaqla, eləcə də hazır məhsul satılarkən malların ilkin təsdiqedici sənədlərinə (elektron qaimə-fakturasına, elektron əmtəə-nəqliyyat qaiməsinə, elektron vergi hesab-fakturasına və s.) baxış keçirməklə markalanmalı olan malların markalanmaqla istehsal sahələrindən kənara çıxarılmasına, hazır məhsulun anbara və oradan alıcılara buraxılmasına, markalarının yapışdırılması qaydalarına riayət olunmasına nəzarət edirlər.
194.2.4. İstehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının, xammal, material və hazır məhsul anbarlarının, istehsal sahələrindəki texnoloji avadanlıqların plomblanması nəzarət postlarının işçiləri tərəfindən istehsalçının nümayəndəsi ilə birlikdə vergi orqanının təsdiq etdiyi forma üzrə kitabda müvafiq qeydlər, o cümlədən istehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının göstəriciləri barədə qeydlər aparmaqla, iş gününün sonunda, növbələrarası həmçinin lisenziyaların qüvvədə olma müddətinin dayandırılması və ya onların ləğv edilməsi, hazır məhsulun maskalanması üçün aksiz markalarının, istehsal üçün xammalın, yardımçı və qablaşdırıcı materialların olmaması, habelə texniki səbəblərdən avadanlığın daha uzun müddət dayanması zamanı həyata keçirilir.
194.2.5. Avadanlığın dayandırılması zamanı istehsal güclərinin qapanması istehsal üzrə texnoloji xətlərin və avadanlığın elə yerlərdə plomblanması vasitəsilə həyata keçirilməlidir ki, onlardan istifadə edilməsi mümkün olmasın.
194.2.6. Plombların vurulması və çıxarılması nəzarət postunun işçiləri və istehsalçının nümayəndəsinin iştirakı ilə müvafiq aktla rəsmiləşdirilməlidir.
194.2.7. Nəzarət postlarının işçiləri iş başladığı vaxtda nəzarət postlarında olmadıqda istehsalçının məsul şəxsləri tərəfindən vergi orqanına məlumat verilməklə, səbəbi və vaxtı göstərilməklə müvafiq akt tərtib edilərək plomblar açıla bilər.
194.2.8. Nəzarət postlarının işçiləri satışa buraxılan hazır məhsulların sənədlərində göstərilən sayının, həcminin, çəkisinin onların faktiki sayı, həcmi və çəkisi ilə düzgünlüyünü yoxlamalı və sənədlərdəki göstəriciləri xüsusi jurnalda qeyd etməlidirlər. Bundan sonra nəzarət postlarının işçiləri malların ilkin təsdiqedici sənədlərində (elektron qaimə-faktura, elektron əmtəə-nəqliyyat qaiməsi, elektron vergi hesab-faktura və s.) "buraxılışa icazə verilir" qeydini aparmalıdırlar.
194.2.9. Plombların vurulması və çıxarılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklər edildikdə, texnoloji avadanlıqlardakı plomblar zədələndikdə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmasında, tam uçota alınmasında, aksiz markalarının inventarizasiyasında kənarlaşma aşkar edildikdə, eləcədə bu Məcəllənin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılması müəyyən edildikdə nəzarət postunun işçiləri müvafiq akt tərtib etməli, bu barədə dərhal vergi orqanına məlumat verməlidirlər.
194.3. Çıxarılmışdır.