Maddə 19.

Daimi nümayəndəlik

 
19.1. Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi həmin şəxslərin istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir.
19.2. Daimi nümayəndəlik, əsasən aşağıdakıları əhatə edir, amma bunlarla məhdudlaşdırılmır:
19.2.1. idarəetmə yerini;
19.2.2. bölməni;
19.2.3. kontoru;
19.2.4. filialı və agentliyi;
19.2.5. tikinti və təmir meydançaları, quraşdırma, montaj və ya yığma obyektləri, həmçinin bu cür obyektlərlə bağlı nəzarət fəaliyyəti göstərilməsini;
19.2.6. təbii ehtiyatların kəşfiyyatı, işlənməsi və çıxarılması üzrə yerlər, istifadə olunan qurğular və ya meydançalar, qazma avadanlığı və ya gəmilər, həmçinin bu cür obyektlərlə bağlı nəzarət fəaliyyəti göstərilməsini;
19.2.7. qeyri-rezident fiziki şəxsin sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi bazanı (yeri);
19.2.8. müxtəlif məsləhət xidməti üzrə yerlərini;
19.2.9. Azərbaycan Respublikası ərazisində digər sahibkarlıq növlərinin həyata keçirildiyi istənilən hər hansı iş yerlərini;
19.2.10. qeyri-rezident müəssisələrin və ya qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi funksiyalarını həyata keçirən, onların adından fəaliyyət göstərən, onlar üçün müştəri bazasının toplanması və müştərilərlə işin təşkilini həyata keçirən, onların adından müqavilələri hazırlamaq və ya bağlamaq səlahiyyətlərinə malik olan və adətən belə səlahiyyətləri həyata keçirən şəxsləri;
19.2.11. malların istehsal və ya təqdim edildiyi, işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yeri.
19.2-1. Bu Məcəllənin 19.2.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti baş podratçı kimi qeyri-rezident şəxs həyata keçirdiyi halda, onun bu fəaliyyəti həyata keçirmək üçün cəlb etdiyi və qarşılıqlı surətdə asılı olduğu və (və ya) fəaliyyətinə nəzarəti həyata keçirdiyi digər subpodratçı şəxslərin bu işlər üçün göstərdiyi fəaliyyətin müddəti baş podratçının fəaliyyət müddətinə əlavə edilir. Bu maddənin müddəaları subpodratçı şəxslərin fəaliyyət müddəti 30 gündən artıq olduğu halda tətbiq edilir;
19.3. Bu Məcəllənin 19.2-ci maddəsində müəyyən edilən müddəalardan fərqli olaraq, aşağıda göstərilən fəaliyyət növləri daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılmır:
19.3.1. qeyri-rezident müəssisəsinin özünə məxsus malların və məmulatların müstəsna olaraq saxlanması və ya nümayiş etdirilməsi;
19.3.2. qeyri-rezident müəssisəsinin özünə məxsus olan malların və məmulatların ehtiyatlarının digər şəxs tərəfindən emal və sonradan Azərbaycan Respublikasından ixrac edilməsi məqsədi ilə saxlanması;
19.3.3. qeyri-rezident müəssisəsinin yalnız özü üçün malların alınması və ya məlumatların toplanması;
19.3.4. qeyri-rezident müəssisəsinin özü üçün hər hansı digər hazırlıq və ya yardımçı xarakterli fəaliyyət göstərməsi;
19.3.5. bu Məcəllənin 19.3.1-19.3.4-cü maddələrində göstərilmiş hər hansı fəaliyyət növlərinin bir yerdə həyata keçirilməsi.
19.3-1. Qeyri-rezident şəxs və onunla qarşılıqlı surətdə asılı olan şəxslər tərəfindən Azərbaycan Respublikasında bu Məcəllənin 19.3-cü maddəsində sadalanan fəaliyyət növlərinin hər hansı birinin birgə şəkildə həyata keçirilməsi sahibkarlıq məqsədləri daşıdığı və ya bu fəaliyyət növlərinin hər hansı biri üzrə əlaqəli şəkildə həyata keçirilməsinin nəticələri hazırlıq və ya yardımçı xarakter daşımadığı və (və ya) belə şəxslər tərəfindən həyata keçirilən fəaliyyətlər onların vahid biznes prosesinin tərkib hissəsi olaraq bir-birinə münasibətdə qarşılıqlı tamamlanma funksiyasını daşıdığı halda bu Məcəllənin 19.3-cü maddəsinin müddəaları tətbiq edilmir və həmin şəxslərin fəaliyyətinə daimi nümayəndəlik kimi baxılır.
19.4. Bu maddənin məqsədləri üçün qeyri-rezident müəssisənin və ya qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmır, bu halda Azərbaycan mənbəyindən əldə olunan gəlir bu Məcəllənin 125-ci və 169-cu maddələrinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir.
 
III fəsil. Dövlət vergi orqanları
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.