Maddə 188.

Aksizdən azadolmalar və güzəştlər

 
188.1. Aşağıdakılar aksizdən azad edilir:
188.1.1. fiziki şəxsin şəxsi istifadəsi üçün aşağıdakı miqdarda aksizli malların idxalı:
188.1.1.1. 1,5 litr alkoqollu içki;
188.1.1.2. 2 litr energetik içki;
188.1.1.3. 200 ədəd siqaret, 20 ədəd siqarilla və 10 ədəd siqar;
188.1.1.4. 3 ədəd birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri;
188.1.1.5. 100 ədəd alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar;
188.1.1.6. 100 qram çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri;
188.1.1.7. 50 millilitr elektron siqaretlər üçün maye;
188.1.1.8. 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları;
188.1.1.9. 0,5 karat emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz;
188.1.1.10. Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş çənindəki yanacaq;
188.1.1.11. təqvim ili ərzində 1 ədəd mobil cihaz.
188.1.2. Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar;
188.1.3. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı;
188.1.4. təkrar ixrac üçün nəzərdə tutulan və girovla təminat verilən mallar.
188.1.5. Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl;
188.1.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar idxal edilən mallar;
188.1.7. bu Məcəllənin 188.1.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 6 il müddətinə;
188.1.8. mühərrikinin işçi həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərin idxalı -2024-cü il yanvarın 1-dən 3 il müddətinə.
188.2. Bu Məcəllənin 188.1-ci maddəsində göstərilən aksizdən azadolmalar yalnız o zaman tətbiq edilir ki, gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olsun. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal, rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilirsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunur.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.