Maddə 186-1.
Aksiz hesablanan dövriyyənin dəqiqləşdirilməsi
186-1.1. Aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara buraxılmasına və ya məcburi nişanın alınmasına görə vergi hesablanmışdırsa, həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi və ya digər səbəblərdən geri qaytarılması zamanı hesablanmış aksiz malların qaytarıldığı hesabat dövründə azaldılır.
186-1.2. Aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara özünə məxsus obyektlərə buraxılmasından sonra həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi səbəbindən geri qaytarılması zamanı vergi ödəyicisi həmin malların aktlaşdırılması və hesablanmış verginin azaldılması üçün vergi orqanına müraciət edir. Müraciət edilmə tarixindən 5 iş günü müddətində vergi orqanının məsul şəxslərinin iştirakı ilə həmin mallar aktlaşdırılır.
186-1.3. Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullara görə aksizin azaldılması müvafiq aktın tərtib edildiyi hesabat dövründə həyata keçirilir və vergi hesabatı təqdim edilərkən tərtib edilən akt vergi orqanına təqdim edilir. Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullar məhv edildikdə, həmin məhsulların istehsalı zamanı əvəzləşdirilmişaksizin büdcəyə hesablanması həyata keçirilir.
186-1.4. bu Məcəllənin 190.1.1 –190.1.3-cü maddələrində göstərilən aksizli malların istehsalçısı olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə onların sahibliyində aktivləşdirilməmiş məcburi nişan qalarsa, vergi ödəyicisi həmin nişanları alarkən ödənilmiş aksiz məbləğlərini geri almaq hüququna malikdir.
186-1.5. Aksiz dərəcələrində artım olduqda, məcburi nişan alarkən vergini aşağı dərəcə ilə ödəmiş vergi ödəyicisi dəyişikliyin qüvvəyə mindiyi tarixə sahibliyində olan aktivləşdirilməmiş məcburi nişanlara görə artırılmış dərəcəyə əsasən hesablanmış aksiz məbləği ilə əvvəlki dərəcəyə əsasən hesablanmış aksiz məbləği arasındakı fərqi dəyişikliyin qüvvəyə mindiyi ayın aksiz bəyannaməsində əks etdirməklə növbəti ayın 20-dən gec olmayaraq, idxal əməliyyatlarına münasibətdə isə həmin məcburi nişanlarla nişanlanmış malların idxal edildiyi vaxt gömrük bəyannaməsində əks etdirməklə dövlət büdcəsinə ödəməlidir.
186-1.6. Aksiz dərəcələrində azalma olduqda, məcburi nişan alarkən vergini yuxarı dərəcə ilə ödəmiş vergi ödəyicisi dəyişikliyin qüvvəyə mindiyi tarixə sahibliyində olan aktivləşdirilməmiş məcburi nişanlara görə azaldılmış dərəcəyə əsasən hesablanmış aksiz məbləği ilə əvvəlki dərəcəyə əsasən hesablanmış aksiz məbləği arasındakı fərqi dəyişikliyin qüvvəyə mindiyi ayın aksiz bəyannaməsində əks etdirməklə, idxal əməliyyatlarına münasibətdə isə həmin məcburi nişanlarla nişanlanmış malların idxalı üzrə tərtib edilmiş gömrük bəyannaməsində əks etdirməklə aksiz öhdəliyini azaldır.